"Makarov"dan güllə açdı, eyvanların pəncərələri sındı
    • 12-06-2021, 13:06
    • 337

"Makarov"dan güllə açdı, eyvanların pəncərələri sındı

Məlumat verildiyi kimi, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 6-da Ə.Əhmədov küçəsindəki yaşayış binasının qarşısında tapança patronuna aid 1 ədəd giliz və 2 ədəd güllə başlığı aşkar edilərək götürülüb. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, araşdırmalarla iyunun 6-na keçən gecə naməlum şəxsin tapançadan açdığı atəşdən evin birinci mərtəbəsində yerləşən təkər təmiri sexinə və 2-ci mərtəbədə yerləşən 2 mənzilin eyvanlarının pəncərə şüşələrinə ziyan dəyməsi, xəsarət alanın olmadığı müəyyən edilib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Allahverdiyev müəyyən edilərək saxlanılıb, ondan “Makarov” markalı tapança götürülüb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.