Şəhid Elşad Məmmədovun xatirəsinə abidə-bulaq kompleksi açıldı - FOTO - VİDEO
    • 14-07-2021, 17:28
    • 747

Şəhid Elşad Məmmədovun xatirəsinə abidə-bulaq kompleksi açıldı - FOTO - VİDEO

Ötən gün Tovuz döyüşlərinin ilk şəhidi, baş əsgər Elşad Məmmədovun ölümünün ilk ildönümü idi.
 
Elşad Məmmədovun əzizləri, yaxınları düz 365 gündür ki, onun üzünə həsrət, səsinə tamarzıdırlar. Bu acının, özləmin təskinliyi isə Elşadın yadıgar qoyub getdiyi 2 körpə balası və ürəklərində yaşatdıqları əziz xatirəsidir. Bir də həyətin dörd bir tərəfindən asılan böyük şəkilləri... 
 
Şəhidimizin adını andiran daha bir məkan, daha bir guşə isə dünən onun doğulub böyüdüyü dogma torpaqda,Tovuzun Ağdam kəndində, düz Elşadın evinin önündə açılan abidə-bulaq kompleksi oldu.
 
Dünən Tovuz rayon ictimaiyyəti, kənd sakinləri, məsləkdaşları, onun xatirəsini əziz və uca tutanlar növbəti dəfə Elşad adının işığına – abidə-bulaq kompleksinin açılışına toplaşdılar. Azərbaycan Dövlət Himni ilə başlayan tədbir Azərbaycan torpaqlarının işğaldan azad olunmasında canından keçən Vətən övladlarının - Şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutuyla davam etdi. 

Söz alan hər kəs Elşad Məmmədovun Vətən sevgisi, torpağa bağlılığından danışdı. Onun simasında torpaqlarımızın işğaldan azad olunmasında şəhadətə yüksələn bütün Vətən oğullarının ruhu qarşısında ehtiramını, sayğısını dilə gətirdi.  

Ən təsirli kəlmələr isə Şəhid atası Dönməz Məmmədovun dilindən səsləndi: “Şəhid ataları, başınızı hər zaman dik tutun. Oğullarımız Vətən uğrunda gözlərini qırpmadan canlarından keçiblər. Onlar əsl qəhramanlardır. Hər birinin adı ürəklərdə, könüllərdə əbədi yaşayacaq. Onlar bizim fəxrimiz, qürur yerimizdir”. 
 
Dönməz Məmmədovun çıxışından sonra Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndələri və hərbçilər də  Elşad Məmmədovla bağlı ürək sözlərini paylaşıblar: “Elşad kimi mərd, cəsur oğulların sayəsində bu gün torpaqlarımız azad, Azərbaycan bütövdür. Onların hər birinin ruhu qarşısında baş əyir, adlarını ehtiramla anırıq”.
 
Abidə kompleksin açılış mərasimi iştirakçıların “Qarabağ Azərbaycandır!” şüarı ilə bitib.

Hazırladı:
Teymur Məmmədov
Fərid Şabanov
Tovuz, Ağdam kəndi