Ağcabədidə sellofan torbaya qoyulub küçəyə atılan körpənin anası tapıldı
    • 29-07-2021, 14:38
    • 365

Ağcabədidə sellofan torbaya qoyulub küçəyə atılan körpənin anası tapıldı

Məlum olduğu kimi, iyulun 22-də Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən Şəhidlər xiyabanının qarşısında sellofan torbada yeni doğulmuş körpə sağ vəziyyətdə tapılıb və onun səhhətinin normal olması müəyyən edilib.

News24.az xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə,  Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilmiş, sonuncu ilə profilaktik söhbətlər aparılmış, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilmişdir.