700 bala çata bilməyən Azərbaycan təhsili: Qəliz suallar, yoxsa, karantinin fəsadları? - Videoreportaj
    • 13-08-2021, 16:10
    • 985

700 bala çata bilməyən Azərbaycan təhsili: Qəliz suallar, yoxsa, karantinin fəsadları? - Videoreportaj

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 27-28 iyul tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. 

DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 33610 abituriyentdən 1878 nəfəri imtahanda iştirak etməyib.

Bildirilib ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni 11 nəfər göstərərək, 400 bal toplayıb. IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 2 nəfər göstərərək 400 bal yığmağa nail olub. IV ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən şagird 692.5 bala sahibdir.

Sumqayıt şəhəri, 11 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 697.1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.

Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında heç bir abituriyent maksimum 700 balı toplaya bilməyib.

Nəticələrin aşağı olması həm valideynləri, həm də müəllimləri narahat edib. Abituriyentlər isə sualların çətinliyindən gileylidir. Onlar pandemiya şəraitində keçirilən dərslərin qəbul imtahanına salınan suallara adekvat olmadığını iddia edirlər.

News24.az–a bu ilki imtahanların nəticələri haqda qənaətini bölüşən təhsil eksperti Kamran Əsədovun fikrincə, pandemiya və digər nüanslar şagirdlərin müvafiq bilikləri qavramasında ciddi maneə yaradıb: “4447 orta ümumtəhsil məktəbində təhsil alan 1,6 milyon şagirdin bir qisminin distant təhsil modelindən istifadə etməsi üçün zəruri avadanlıqları yoxdur. Bu imkanlar və alətlər olsa belə, bütün dərslərin onlayn qaydada tədris edilməsi mümkün deyil. Xüsusilə, texniki və təbiət fənnlərinin – Riyaziyyat, Fizika, Kimya, Biologiyanı onlayn şəkildə keyfiyyətli təqdim etmək çox çətindir. Bu dərslər individual olaraq sinifdə keçirilməlidir. Pandemiya dövründəki çətinliklər qəbul imtahanlarına öz təsirini göstərdi. Təkcə pandemiya yox, eyni zamanda Vətən müharibəsi olan dövrdə internet imkanlarının məhdudlaşdırılması da tədrisin təşkilində problemlər yaratdı. Müharibənin yaratdığı psixoloji təsirləri də unutmamalıyıq. Abituriyentlərimizin yaxınları, qohumları arasında şəhidlərimizin olması buna nümunədir. 

Önəmli məsələ isə sınaq imtahanlarının keçirilməməsi idi. Abituriyentlər əvvəllər DİM-in keçirdiyi sınaq imtahanlarında iştirak edib bilgilərinin zəif və üstün tərəflərini görə bilirdilər. Həmçinin, cavab kartı və sual kitabçası üzərində işləmək imkanı olurdu. İmtahanda əsas məsələ fənnlər arasında vaxt bölgüsünün həyata keçirilməsidir. Ali tədris ocaqlarına qəbul üçün imtahan verən verən 90 min abituriyent sınaq imtahanlarında iştirak etmədiklərinə görə aşağı nəticə göstərdilər. Şagirdlər arasında doğru bildikləri cavabları test kitabçasından cavab kartına köçürməkdə çətinlik çəkənlər də oldu. Biz deyə bilmərik ki, test tapşırıqları çətin idi. Test tapşırıqları Təhsil Nazirliyi tərəfindən təsdiq edilən proqram əsasında hazırlanıb. Məsələ burasındadır ki, bizim abituriyentlər həmin proqramı mənimsəmək imkanına malik olmadılar. Ümumilikdə 33 min nəfərin fonunda 11 nəfərin 400 bal toplaması o qədər də yüksək nəticə hesab edilə bilməz. Bu, çox cüzi faizi əhatə edir. Daha çox abituriyent 250-500 bal arası toplayıb. Keçən illə müqayisə edəndə görürük ki, ümumiyyətlə yüksək bal toplayan olmayıb. 600-dən yuxarı bal toplayanların sayı isə 2020-ci illə müqayisədə çox aşağıdır”.

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən Tuncay Muradlı isə ekspertdən fərqli olaraq  əvvəlki illər imtahanların daha asan olduğunu düşünür: “317 bal toplamışam. Nədənsə bizim imtahanımız daha çətin oldu. Müəllimlərin əvvəlki illərdə işə qəbulu üzrə imtahanlarında istifadə edilən bəzi suallar bizim qəbul imtahanlarına salınmışdı. Yəni məğzinə görə bəziləri çox çətin idi. Situasiya suallarını oxuyub araşdırmalı idik. Eləcə də, Riyaziyyat fənnində suallar çox zamanımızı aldı və vaxt bölgüsünü düzgün edə bilmədik. Bunun üçün də situasiya suallarında çətinlik çəkdik. 

Kursda hazırlaşdığım üçün orada da sınaq imtahanları olurdu. Mən orada daha yüksək nəticələr yığırdım, amma  DİM-in qəbul imtahanında gözləntim doğrulmadı. Əslində, karantin səbəbindən bizə güzəştlər tətbiq edilməli idi. Müharibənin təsirləri oldu. Elə gün olurdu ki, biz kursa gedə bilmirdik. Həftəsonları avtobuslar işləmirdi. Həmin günləri məcbur olaraq evdən dərs keçirdik. Onlayn dərslər isə ənənəvi tədrisdən fərqli olaraq effektiv deyil. Bizə yardım etmək yerinə imtahanı daha da çətin etdilər”.

Təhsil eksperti Qoşqar Məhərrəmov abituriyentlərin imtahanda gərginlik yaşamalarının səbəbini belə izah edib: “Dövlət İmtahan Mərkəzi il boyu təfəkkürü ölçən situasiya tipli sualları yığışdırdığını deyirdi. Təfəkkürü ölçmək biliyin daha yuxarı səviyyəsidir. Bilik səviyyəsində suallar isə daha asandır. “Çaldıran döyüşü neçənci ildə olub” bilik sualıdır. Ancaq “niyə olub” artıq təfəkkür sualıdır. Buna baxmayaraq, abituriyentlər imtahanda əks effektlə qarşılaşdıqlarını deyirlər. Hesab edirəm ki, bu, onların daha az sual həll etmələrindən və praktikanın az olmasından qaynaqlanır. Şagirdlərin imtahan ab-havasını az yaşamaları da məsələnin problemli tərəflərindən biridir. Ancaq onların az bal toplamaları universitetlərə qəbullarına problem törətmir. Çünki orta ballar çıxır. Yəni məntiqlə zəif oxuyan az bal yığdı, güclü oxuyan isə ondan bir az daha yuxarı yığdı. Buna görə də müxtəlif universitetlərin qəbul balları aşağı düşəcək”.

21 ildir şagirdlərə Azərbaycan dili və Ədəbiyyat fənnlərini tədris edən Ramayyə Həziyeva bu il şagirdlər arasında  700 bal toplayan olmamasının düşündürücü məqam olduğunu deyir. O, məsələnin detallarını belə izah etdi: “Bir az araşdırma edəndən sonra görürük ki, fənn blokundan 400 bal toplayan şagirdlərimiz var. Ancaq attestat imtahanından 300 bal toplayan şagirdlər az olduğu üçün 700 ballıq nəticə əldə edə bilmədik. Abituriyentlər sualların çətin olduğunu deyir. Öz tədris etdiyim fənndən danışa bilərəm. Proqrama nəzər yetirsək aydın olar ki, qəbul imtahanının sualları 5-11-ci siniflər çərçivəsində hazırlanıb. Onlar arasında qeyri-adi sual yox idi. Tərkibində həm köməkçi nitq hissəsinin, həm də ümumi şəxsi cümlənin soruşulduğu suallar var idi. Yəni bir sual həm 7, həm də 8-ci sinif materialına bağlanırdı. Məlum məsələdir ki, abituriyent hər iki sinifin materialını bilməlidir. Sadəcə, sön dövrdə pandemiya ilə əlaqədar şagirdlərin müəyyən bilikləri qavramasında boşluqlar ola bilər. Zənnimcə, səbəb bu ola bilər. Ötən illər şairlərin, yazıçıların həyat və yaradıcılığı qəbul suallarına salınırdısa, bu il olmadı. Ədəbiyyat fənnindən imtahan verən şagird əsəri oxumayacaqsa, təhlil edə bilməyəcəksə, əsərdən nəticə çıxarmağı bacarmayacaqsa, necə gələcəyin müəllimi və ya ixtisaslı kadrı ola bilər?”

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən Leyla Səfərova isə “oxuyan hər şəraitdə öyrənər” prinsipini sadiq qalaraq imtahan suallarının o qədər də çətin olmadığını qeyd edib: “480 bal topladım. Zənnimcə, suallar normal idi. Düzdür, müəyyən məqamlarda çətinliklər vardı. Məsələn, Riyaziyyat fənnindən bir sualda üç mövzuya toxunulmuşdu. Bu, haqsızlıqdır”. 

Yekun olaraq kimin haqlı, kimin haqsız olmasından da vacib olan bir məqam var. Bu isə nəticədir. Məlum nəticələr hər birimizi narahat edir. Çünki gələcəyimizin daha intellektli, daha bilikli olacağına ümidliyik. 

Bir də ona ümidliyik ki, müvafiq qurumlar, şəxslər abituriyentlərin bu narazılıqlarını araşdırıb problemləri aradan qaldıracaqlar.

Məhərrəm ƏLİYEV

FOTO/VİDEO- Hüseyn HƏSƏNOV