Ermənistan Azərbaycanla birbaşa danışıqlardan qaçmaq üçün ÜÇÜNCÜ TƏRƏFƏ ÜMİD BAĞLAYIR - ŞƏRH
    • 25-08-2021, 18:07
    • 489

Ermənistan Azərbaycanla birbaşa danışıqlardan qaçmaq üçün ÜÇÜNCÜ TƏRƏFƏ ÜMİD BAĞLAYIR - ŞƏRH

“Paşinyanın qeyd etdiyi sülh danışıqları Azərbaycanın mövqeyindən tamamilə fərqlənir. Ermənistanın baş naziri Azərbaycanın sülh sazişi ilə  bağlı səsləndirdikləri fikirlərini öz interpritasiyasında təqdim edir və bu prosesi ATƏT-in Minsk qrupunun iştirakı ilə aparılmasının vacibliyini vurğulayır. Şübhəsiz ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasından söhbət açanda ATƏT-in Minsk qrupunun vasitəçiliyini nəzərdə tutmur. Bu vasitəçilik münaqişə başa çatdığı üçün artıq heç bir əhəmiyyətə malik deyil. 

ATƏT-in Minsk qrupunun rəhbəri tərəfindən vaxtında verilmiş mandatın prinsiplərinə, xüsusilə də 15-ci maddəyə əməl olunmadığı üçün həmsədrlərin bundan sonrakı proseslərdə hər hansı bir formada iştirakı mümkün deyil. Digər tərəfdən də Minsk qrupu 28 il ərzində müxtəlif adlar altında fəaliyyətdə olduğu dövrdə münaqişənin həlli üçün faktiki olaraq heç bir addım atmayıb. BMT Təhlükəsizlik Şurası qarşısında mandatından irəli gələn vəzifələrin icrasına cəhd göstərməyib. Bu aspektdən də qrupun və onun həmsədrlərinin istənilən hər hansı prosesdə iştirakı bundan sonra mümkün deyil”. 

Bunu News24.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Politoloq bildirib ki, Azərbaycanın təqdim etdiyi sülh sazişi açıq-aydın ortadadır: “Bu, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması, ərazi iddialarından əl çəkməsi, kommunikasayaların açılması və bölgədə sülhün təmin olunması üçün birgə səylərin göstərilməsi ilə bağlı olan məsələdir. Şübhəsiz ki, digər detallar da var. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin prosesə cəlbindən söhbət açanda dolayısı ilə münaqişənin başa çatmadığını və hazırda Rusiya sülhməramlılarının müşahidəsi altında yaşayan etnik ermənilərlə bağlı məsələnin həll olmadığını vurğulamağa çalışır. Bu da Azərbaycanın mövqeləri ilə daban-dabana ziddir. Əslində manipulyasiya burdadır. Əslində ATƏT-in Minsk qrupunun həmsədrlərinin (söhbət indiki şəraitdə ABŞ və Fransadan gedir) prosesə qatılması ilə bağlı səsləndirilən fikirlər, mülahizələr, iddialar üçüncü tərəfin regiona cəlb edilməsi və faktiki olaraq təsir imkanlarının gücləndirilməsi mahiyyətini daşıyır. İndiki şəraitdə məlum olduğu kimi həm ABŞ, həm də Fransa dolayısıyla münaqişənin həll olunmadığını bu və ya digər şəkildə diqqətə çatdırmağa çalışır. ABŞ-ın Ermənistandakı səfirinin son açıqlamasında da bu məqam öz əksini tapıb”.

E.Mirzəbəyli vurğulayıb ki, Ermənistan üçüncü tərəfin təsir dairəsinin gücləndirilməsi istiqamətində onun qarşısına qoyulan vəzifələri icra edir: “Digər aspektdən isə Ermənistan məğlub tərəfdir və kapitulyasiya aktına imza atıb. Minsk qrupunun həmsədrlərini prosesə cəlb etməklə mövqelərini qismən də olsa möhkəmləndirməyə çalışır. Çünki Azərbaycanla birbaşa danışıqlarda zəif durumdadır. Onun bu zəif durumdan çıxarılmasına hətta indiki halda hərbi-siyasi müttəfiqi olan Rusiyanın da ciddi dəstəyinin nəzərə çarpması mümkün deyil. Bəlli bir səviyədə proses həyata keçirilə bilər. Ermənistan indiki şəraitdəki qlobal və regional vəziyyətin dəyişməsinə ümid bağlayır. Gələcəkdə danışıqlar prosesində bu və ya digər şəkildə üstün mövqeyə sahiblənmək istəyir. Bu baxımdan da vaxt qazanmaq üçün erməni lobbisinin güclü olduğu ölkələri cəlb etməklə prosesin uzadılmasına çalışır”.

Siyasət şöbəsi