Mirzoyanın Moskva səfəri Ermənistanın gözləntilərinə CAVAB VERMƏDİ - Şəbnəm Həsənova
    • 2-09-2021, 13:01
    • 802

Mirzoyanın Moskva səfəri Ermənistanın gözləntilərinə CAVAB VERMƏDİ - Şəbnəm Həsənova

“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını özündə ehtiva edən 10 noyabr tarixli bəyanatda daha bir neçə məsələnin həlli nəzərdə tutulur ki, bunlardan biri də hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsidir. Əvvəla onu demək lazımdır ki, Azərbaycan hətta torpaqları isğal altında olduğu vaxtda belə bütün öhdəlikləri yerinə yetirib ve dövlətimiz hər zaman “hamının-hamıya dəyişdirilməsi” prinsipi ilə çıxış edib. Pozuculuq edən, üzərinə götürdüyü öhdəliklərdən yayınan isə hər zaman Ermənistan tərəfidir”. 

Bunu News24.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O vurğulayıb ki, sözügedən pozuculuq sadəcə hərbi əsir, girovlar və ya cəsədlərin mübadiləsi ilə bağlı deyil: “Məsələn, bəzi nümunələr deyək: Ən son verilən mina xəritələrinin dəqiqliyi 25%-dir. Bundan əlavə UNESCO tərəfindən yaradılan missiyanın gəlişini Ermənistan gecikdirir. Rusiyanın vasitəçiliynə, sülhməramlıların fəaliyyətinə gəldikdə isə bu məsələdən Azərbaycan ictimaiyyətinin narazı olduğu aşkardır. Hətta Müdafiə Nazirliyi bununla əlaqədar bəyanat verdi və dövlətimiz də rəsmi olaraq mövqeyini bildirdi. 31 avqust tarixində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Mirzoyan danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirib. Lavrov əvvəlcə deyib ki, Rusiya müxtəlif səviyyələrdə rəsmi Bakıya siqnallar göndərir ki, Azərbaycanda saxlanılan erməni hərbçilər ilkin şərt irəli sürülmədən Ermənistana qaytarılsın. Lavrov həm Rusiyanın üçtərəfli razılaşmaya sadiq olduğunu bildirir, həm də erməni diversantların Ermənistana verilməsini istəyir. Rusiya xarici siyasət idarəsinin rəhbəri Lavrov bildirir ki, Rusiya iki ölkə arasında etimad tədbiri məsələsində fəal iştirak edəcək. Amma məsələn, necə olur ki, Azərbaycana ən son təqdim olunan mina xəritələrinin dəqiqliyi 25%-dir?”

Politoloq bildirib ki, Ermənistanın mövcud davranışları onu göstərir ki, bu dövlət təcavüz siyasətindən əl çəkmir və hələ qonşuluq siyasətinə hazır deyil: “Ermənistan Vladimir Putinin vasitəçiliyi ilə 9 noyabrda imzalanan bəyanatı pozur və Azərbaycana diversant qruplar göndərirsə, o zaman vacibdir ki, Lavrovun özünün də ifadə etdiyi kimi etimad tədbirlərinin gücləndirilməsi işinə Rusiya daha ciddi yanaşsın. Çünki Lavrov özü də bildirir ki, prosesə hərtərəfli kömək etməyə hazırdılar.

Üçtərəfli bəyanatda da ehtiva olunduğu kimi əgər bütün hərbi əməliyyatlar dayandırılıbsa, deməli, 10 noyabr bəyanatının imzalanmasından bir saat keçsə belə ondan sonra saxlanılan şəxslər birmənalı olaraq terrorçudur. Bir halda ki onlar döyüş zamanı ələ keçməyiblər. Lavrovun məlum açıqlaması onu göstərir ki, saxlanılan erməni diversantlarının taleyini Azərbaycan həll edir. Yəni, 10 noyabr bəyanatından sonra saxlanılan insanların taleyi, onların aqibəti müstəqil qərar qəbuletmə mexanizmini əsas tutaraq Azərbaycan dövlətinin qərarından asılıdır. Onların aqibəti ilə bağlı qərar verən ölkə bir digər dövlət deyil, məhz Azərbaycandır. Bu məsələdə Rusiya da daxil olmaqla yekun sözü üçüncü bir dövlət, tərəf deyil, məhz Azərbaycan dövləti deyir”.

Ş.Həsənova qeyd edib ki, Lavrovun Azərbaycan həbsxanalarında saxlanılan ermənilərin Azərbaycana 9 noyabrdan sonra keçdiklərini bildirməsi də təsdiq etdi ki, onlar əsir hesab olunmur: “Bütövlükdə, yeni nazir Mirzoyanın Moskva səfəri Ermənistanın ümidlərini, gözləntilərini doğrultmadı. Ermənilər Lavrovun bəyanatlarından razı qalmadılar. Eyni zamanda, Qondarma Qarabağ rejiminin yaradılmasının 30 illiyi ilə bağlı Xankəndi şəhərində bayram tədbirləri keçirilməli idi. Ancaq “prezident” Arayik Arutyunyan geri addım ataraq qondarma rejimdə heç bir bayram tədbiri olmayacağını bildirdi. Azərbaycan prosesi hərtərəfli özü idarə edir, ermənilərin ümidləri, gözləntiləri isə əhatəli formada puç olur”.