"Elxan Məmmədovun futbola AİDİYYATI YOXDUR, yaltaqları yığıb, GÜNAHKAR ODUR
    • 3-09-2021, 11:29
    • 318

"Elxan Məmmədovun futbola AİDİYYATI YOXDUR, yaltaqları yığıb, GÜNAHKAR ODUR" - Mahir Şükürov

Milli komandamızın veteranı Mahir Şükürov meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatan Lüksemburq – Azərbaycan oyunu barədə danışıb.

News24.az xəbər verir ki, sabiq müdafiəçi futbolinfo.az-a müsahibəsində komandamızın məğlubiyyətini əvvəlcədən gözlədiyini bildirib.

– Əvvəlcədən də təxmin eləmişdim ki, komandamız Lüksemburqa uduzacaq. Rəqib evdə oynayırdı, həm də komandamız artıq neçə matçdı onlarla bacarmır. Həqiqətən çox üzücü məğlubiyyət idi.

– Səncə, biabırçı məğlubiyyətdə günahkar kimdir?

– Birinci günahkar Elxan Məmmədovdur, ikinci günahkar isə Canni de Byazi. Elxan Məmmədov yaxşı bilirdi ki, de Byazi Azərbaycana gəlsə də, nəticə verməyəcək. Məşqçinin özü bunu yaxşı anlayırdı. İtaliyalı məşqçinin məqsədi burada pul qazanmaqdır. 2-3 il Azərbaycan yığmasında gün keçirib gedəcək. Ona görə də əvvəlki müsahibələrimdə də demişdim ki, məşqçi ilə heç nə olmayacaq. Digərləri kimi gəlib min bəhanə gətirəcək. AFFA-da oturan futbol mütəxəssislərini demirəm, çünki onlar maaş aldıqlarına görə Elxanın əleyhinə heç nə danışmırlar, digər mütəxəssislər, azarkeşlər isə narahatdır. Ən böyük günahkar Elxandı. Bircə şey bilir – məşqçi ingilis dili bilsin. Ona qalsa, İngiltərə gərək hər il dünya çempionu olsun, Avropa çempionatını qazansın. Bunlar da tutub ki, məşqçilər ingilis dili bilsin, kateqoriyası olsun. Elə buna görə də futbol belə vəziyyətlərə düşüb.

– Lüksemburq, Lixtenşteyn kimi komandalara qarşı həmişə favorit olmuşuq, rahat futbol oynamışıq. Amma son illərdə onlar irəliləyir, biz isə geri gedirik…

– Rövnəq Abdullayev həmişə futbola mənəvi, maddi cəhətdən dəstək olub. Sadəcə, orada Elxan var və o, Rövnəq müəllimə yanlış məlumatlar verir. Hamısının başında duran Elxandı. Nə qədər ki, bu adam AFFA-dadı, Azərbaycan yığmasından heç nə gözləməyin. İşi-gücü kənardan futbolçu gətirib milliləşdirməkdir. Get, Azərbaycanın regionlarında uşaq futboluna dəstək ol da. Get, inkişaf etdir, yığmaya yeni uşaqlar gəlsin, rəqabət olsun, səviyyə qalxsın. Amma o, elə ordan-burdan hazır material axtarır. Təzəlikcə baş məşqçi açıqlama verib hər şeyi demişdi. Millətlər Liqasında biabırçılıq, indi belə. Elxan Məmmədovla baş məşqçi getsə, yaxşı olar. Elxan Məmmədovun futbola heç bir aidiyyəti yoxdur. Düşünsün ki, bir hardan gəlib çıxıb AFFA-ya? Mən demirəm, özü desin. Hansı sahədən gəlib futbolu idarə edir? Nə qədər ki, Elxan, onun yanındakı qocalar, futbola aidiyyatı olmayan yığıb gətirdiyi adamlar ordadır, belə olacaq. Əvvəl AFFA-ya girirdin, futbol adamları görürdün, indi girirsən hamısı qadınlardı, bir dənə də futbol adamı yoxdur. Elə bil ki, hansısa başqa şirkətdir.

– İrlandiya və Portuqaliya ilə matçlardan nə gözləyirsən?

– Heç bir şey gözləmirəm, siz də gözləməyin. Ronaldo özü sarı vərəqə aldı ki, gəlib oyunu turist kimi izləsin. 2-3 gün vaxtını keçirəcək, komandası o olmadan da rahat qələbə qazanacaq. Mən bilirdim ki, Ronaldo sarı vərəqə alacaq ki, Azərbaycanla oynamasın. Sözün açığı, biabırçılıqdan başqa heç nə gözləmirəm. Elxan Məmmədov istefa versin, onda düzələr. AFFA-ya futbol adamı gəlib, gənc futbol adamlarını da yanına yığmalıdır. Yaltaqlar orda olmamalıdı. İşini, vətənini, futbolu sevənlər iş başında olmalıdır.