“Füzuli Hava Limanı turist axınını artıracaq” – Vüqar Bayramov
    • 6-09-2021, 16:30
    • 580

“Füzuli Hava Limanı turist axınını artıracaq” – Vüqar Bayramov

“Füzuli Aeroportu dünyada ən qısa zamanda inşa edilən Beynəlxalq Hava Limanlarından biridir. Bu ilin əvvəlində inşaatına başlayan hava limanında artıq ilk uçuşu həyata keçirmək mümkün oldu. Cəmi bir neçə aya yaxın müddətdə hava limanın ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub”.

Bunu News24.az-a açıqlamasında iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

İqtisadçı alim Füzuli Hava Limanının əhəmiyyətibarədə bunları deyib: "Hava limanı uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyənlər kifayət qədər çoxdur, Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır.

Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir".

O, hava limanının beynəlxalq yükdaşımalar üçün önəmli rol oynayacağını qeyd edib: "İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılan hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Hava limanın istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu, xüsusən işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımdan vacibdir".