Azərbaycan millisinin baş məşqçisi: "Qələbə üçün əlimizdən gələni edəcəyik"
    • 6-09-2021, 19:28
    • 569

Azərbaycan millisinin baş məşqçisi: "Qələbə üçün əlimizdən gələni edəcəyik"

Portuqaliya millisinin çox güclü olduğunu bilirik. Ancaq qələbə üçün əlimizdən gələn hər şeyi edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq. Psixoloji vəziyyət də normaldır. 

News24.az-ın məlumatına görə, bunu matçın oynanılacağı Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirən Azərbaycan millisinin baş məşqçisi, Canni de Byazi deyib. 

İtaliyalı mütəxəssis bildirib ki, Maksim Medvedev zədə, Anton Krivotsyuk sarı vərəqə limiti ilə əlaqədar sabah oynaya bilməyəcək: “Təxminən Dublindəki heyət olacaq. Bir-iki dəyişiklik ola bilər. Rəqib güclü olsa da, ümid sonda ölür. Ümidə yox, faktlara fikir verməliyik. İrlandiya bizdən reytinqdə çox yuxarıda olan komandadır".

- Lüksemburqla görüşdə meydana buraxdığınız heyət çox tənqid olundu. Ancaq İrlandiya ilə matçda komanda optimal heyətlə çıxış etdi. Bu dəyişikliyin səbəbi nə idi?

- Bu sualın cavabı çox asandır. Ötən ayın 25-dən bir qrup oyunçularla məşq edirdik. Avropadakı oyunmular ayın 28-də, Türkiyə, Polşa və Ukraynadakı futbolçular isə 30-da kollektivə qoşuldu. Bu səbəbdən qərara aldıq ki, həmin oyunçuları ikinci hissəyə saxlayaq. Təbii ki, ilk yarıda standartlarımızdan aşağı oynadıq. Ancaq ikinci hissədəki mübarizə ilə ən azı heç-heçə edə bilərdik.

- Hamıya bəllidir ki, qrupda əsas rəqiblərimiz Lüksemburq və İrlandiya idi. Onlara qarşı ilk iki oyunda 1 xal almaq sizi sevindirir, yoxsa məyus edir?

- Bundan razı qalmaq olmaz. Əsas sual o olmalıdır ki, biz hansı qrupdayıq? Reytinqdə 5-ci komandayıq. Amma biz sona qədər vuruşacağıq. Bir müsahibəm çıxıb, o, düzgün yazılmayıb. Demişəm ki, Portuqaliya Serbiya 1-ci yer, biz, İrlandiya və Lüksemburq isə 3-cü yer uğrunda yarışacağıq. Ağır pandemiya şəraiti yarandı. Ancaq bu, bəhanə olmamalıdır. Mən olsam da, olmasam da, AFFA ilə birlikdə gələcək üçün yaxşı layihə hazırlaya bilərik.

Foto/Müxbir: Teymur Məmmədov