Fərhad Bədəlbəyli: “Xocalıda ermənilərlə birgə necə yaşayım?” - MÜSAHİBƏ – FOTO/VİDEO
    • 16-09-2021, 15:20
    • 910

Fərhad Bədəlbəyli: “Xocalıda ermənilərlə birgə necə yaşayım?” - MÜSAHİBƏ – FOTO/VİDEO

Müsahibənin I hissəsi (https://news24.az/69298-frhad-bdlbyli-diz-cokub-dedim-bala-amma-biz-qaytdq.html)
 
Onunla hər görüşümüzdə Şuşa həsrətindən danışardıq. 30 il Şuşasız olduğumuz müddətdə bir söhbətində belə Şuşanı xatırlamaması, Cıdır düzündəki xatirələrindən danışmaması faktına rast gəlməmişəm. “Şuşasız Azərbaycan şikəst qalacaq” cümləsinin də müəllifi məhz Odur. Fərhad müəllimi tanıyandan onunla sözün bütün mənalarında ŞUŞALI kimi ilk dəfə görüşdüm. Yerişi də, oturuşu da, baxışları da dəyişmişdi. Uzun illər müşahidə etdiyim kimsəsizlik, yurdsuzluq, həsrət dolu kədərli baxışlar yenilməz dağ, fəth edilməyəcək zirvə kimi uca baxışlarla əvəzlənmişdi...  Böyük qalibiyyətin qürurunu yaşayan Şuşalı Fərhad Bədəlbəyli ilə üzbəüz əyləşmişdim. 

“Mən bir daha Şuşanı görəcəyəmmi?”sualına cavab tapmışdı artıq. O, Şuşanı gördü və görür! O, Cıdır düzündə çıxış etdi və edəcək! O, Şuşa qalasında diz çökərək “Biz qayıtdıq Şuşa, bizi bağışla” dedi... 
 
- Şərqdə ilk musiqi ocağı olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına uzun illərdir rəhbərlik edirsiniz. Yorulmamısız? Davamçınız olaraq kimi görürsünüz?  




- Bura mənim evimdir və 5 yaşından bu ocağa gəlib-gedirəm. 5 yaşından deyirəm... Yəni bir ömür. Düzdür, mən rektoram, sabah olmaya da bilərəm, bu vəzifə başqana tapşırıla da bilər. Amma mən yenə də bu ünvana yenə gəlib-gedəcəyəm, çünki bura mənim evimdir. Bu səhnə kimləri görməyib?! Bütün musiqi dahiləri bu səhnədə çıxış ediblər. Mən Maestro Niyazidən, Əfrasiyab əmidən soruşurdum ki, axı, niyə 20-ci illərdə Üzeyir bəy burada rektor olmayıb? Onlar deyirdilər, “Olmayıb, çünki Üzeyir bəy hər an düşünürdü ki, sabah onu Sibirə göndərə bilərlər. O zaman Ceyhun bəy Parisdə idi, sovetlərlə mübarizə aparırdı, qəzet çap edirdi...

Deməyim odur, Üzeyir bəy olmasaydı nə simfonik, nə caz muğamı, nə opera, nə balet, nə kamera musiqisi, nə romanslar olmazdı. Dünyanın hansı səhnəsində Üzeyir bəyin romansları çalınır hər kəs heyrətlə qarşılayır. Üzeyir bəy dünya bəstəkarıdır, Şubert səviyyəsində bir sənət adamıdır. 
Onun adı Motsart, Bethovenin adı kimi daima tarixdə qalacaq, Onun doğum günü də hər zaman bütün azərbaycanlıların ürəyində böyük bayram olacaq. 


- Siz Vətən Müharibəsinə qədər bütün müsahibələrinizdə hər zaman bu fikri səsləndirirdiniz ki, nə yolla olur-olsun, Şuşanı qaytarmalıyıq. Amma bu gün Şuşaya gedə bilsək də, Xankəndiyə, Xocalıya gedə bilmirik. Sizcə, Xocalı və Xankəndini hansı yolla qaytarmalıyıq?

- Mən yenidən müharibə olmasını, şəhidlər verməyimizi qətiyyən istəməzdim. Çox ümidliyəm ki, oraları da Kəlbəcər, Laçın kimi təzyiq göstərərək qaytara biləcəyik. Ermənilər özləri də artıq başqa çıxış yolları olmadığını, o torpaqlara yad olduqlarını anlamalıdırlar, qəbul eləməlidirlər. Başa düşməlidirlər ki, rus əsgərinin çəkməsinin altındadırlar. Belə yaşamaqdansa, getsinlər Fransaya, Los-Ancelesə. Orada yaşasınlar. Bu torpaq artıq onları qəbul etməyəcək, alınmayacaq. 
Əminəm ki, bizim böyük diplomatımız, Ali Baş komandanımız İlham Əliyev bunu da həll edəcək. 2017-ci ildə yaxama “İstiqlal” ordeni taxanda ona sual verdim: “Cənab prezident, mən Şuşanı görəcəyəmmi? O da cavab verdi: “Mən sənə deyirəm, yüz faiz sən Şuşada konsert verəcəksən”. Dövlət başçısının ziyalılarla görüşündə də bunu dedim, “Biz Şuşasız yaşaya bilmərik”. 
Qələbədən sonra Prezident həmin söhbətimizi yada saldı. Şuşada olanda mənə dedi, “yadındadır, sənə dedim, olacaq!”. Əlbəttə, burada çox düşünülmüş siyasət var və bunun da olacağına heç şübhəm yoxdur. Məncə, bu, daha asandır. Biz o boyda ərazini götürdük. O qədər şəhid verdik... 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Daşaltıda olanda yuxarıdan aşağıya baxıb fikirləşirdim ki, bu, sadəcə, möcüzədir. Oranı necə qalxmaq olar?! Bu, fantastikadır, möcüzədir. Biz “Rembo”ya baxanda heyrətlənirdik, halbuki o, filmdir. Amma bizim igidlərin şücaəti isə həqiqətdir.


- İşğaldan sonar Şuşaya silsilə səfərlər təşkil olunur. Bu səfərlərdə ziyalılar, içtimai xadimlər iştirak edir. Sosial şəbəkə istifadəçiləri, insanlar bununla bağlı narazılıqlarını bildirirlər ki, Şuşaya gedənlər  foto çəkdirməklə kifayətlənirlər. Ürəyimizdən tikan çıxaracaq yazı, əsər,  musiqi yoxdur. Bu fikirlərlə razısınızmı? 

- Mən bu insanlarla tamamilə razıyam. Amma Şuşaya həsr olunan əsərlər ancaq və ancaq yüksək bədii səviyyədə olmalıdır,  “xaltura”ya yol verilməməlidir. Düzdür, o dəqiqə bir mahnı yazmaq,  güclü  əsər ortaya çıxarmaq mümkünsüzdür. Şuşa haqqında min dəfə düşünərək yazmalısan. 
Mən Ramiz Rövşənin gözəl şeirlər,  Çingiz Abduallayev dedektiv əsərlər yazacağına inanıram.  Ən böyük arzum odur ki, biz Hollivudla danışıb Şuşaya aid mükəmməl bir film çəkək. 

Çünki əsas müharibə qurtarıb, amma bundan sonra biz başqa müharibələrdə də savaşmağı bacarmalıyıq. İdmanda, sənətdə, festivallarda, müsabiqələrdə, EXPO-da, dünyanın istənilən ölkəsindəki beynəlxalq çıxışlarda bu müharibə davam etməlidir. Bəs, biz bu müharibəyə hazırıqmı? Bu, çox qəliz sualdır. Qələbə ab-havası bizi bir az sakitləşdirdi. Amma biz daha da ciddi imtahanlara hazır olmalıyıq. Mübarizə əzmini yerə qoymaq olmaz. Prezident, Ali Baş Komandan elədi, generallarımız, əsgərlərimiz elədi, bəs biz nə edəcəyik? Bax, sual budur. İndi bizdən böyük işlər gözləyirlər, ona görə bu insanlar düz sual verirlər.  

- Fərhad müəllim, Siz bəstəkar olmaqla yanaşı...

- (Sözümü yarıda saxlayır) Yox, mənə bəstəkar deməyin, mən bəstəkar deyiləm.  Sadəcə, hərdənbir əsərlər yazıram. Bəstəkarlıq tamam başqa sənətdir. Bunun üçün onun məktəbini oxumaq, xüsusi fənnləri keçmək lazımdır, kontrapuntku, kompazisiyanın formasını bilmək lazımdır. Əlbəttə, mən bunları Fikrət Əmirovla  konsert üzərində işləyəndə öyrənirdim və mən bu gün əsərlər yazanda bunları bir daha təkrar edirəm. Amma buna peşəkar bəstəkarlıq yox, özfəaliyyət bəstəkarlığı demək daha doğru olar.

- Çox təvazökarsız, amma bu gün bircə musiqi yazan özünə bəstəkar deyir... 

- Çox nahaq! Bax, bunu deyənlər böyük səhvə yol verirlər. Onlar həvəskar bəstəkarlardır. Ələkbər Tağıyev, İbrahim bəy Topçubaşovun gül kimi mahnıları var, amma həvəskar olublar. Burada nə var ki? “Həvəskar bəstəkar” pis söz deyil, özü dərs keçib, özü öyrənən deməkdir. Əlbəttə, Qara Qarayevin sinfində oxumaq bu, tamam başqa xoşbəxtlikdir. 

- 30 illik qaçqınçılıq dönəmi sanki Azərbaycan musiqisinin inkişafına da öz mənfi təsirini göstərmişdi. Qarabağımızın, Şuşamızın işğaldan azad olunması musiqimizin inkişafına da öz töhfəsini verəcəkmi? 

- Ümidvaram ki, bu Qələbə yaradıcılıq prosesində mühüm rol oynayacaq. Musiqiçilərə, rəssamlara, heykəltəraşlara, teatra və incəsənətin digər qollarına müsbət təsirini göstərəcək. Bir daha təkrar edirəm ki, bu proses ən yüksək bədii formada olmalıdır. Burada tələsik heç bir iş görülməməlidir. 

- Şuşada yaxınlarınızın məzarları qalırmı? Ziyarət etmisinizmi? 


- Yox qalmayıb, ancaq Bərdədə Bəhmən Mirzə Qacarın məqbərisi var. Hər dəfə ora baş çəkirəm və nə yaxşı ki, Mədəniyyət Nazirliyi bunu saxlayıb. Orada çalışan qızlar hər dəfə məni görəndə deyirlər ki, nazirlik çoxdandır bura gəlmir. Mən də onlara dedim ki, əgər buranın təmirə ehtiyacı varsa, heç nazirliyə demək lazım deyil, varisləri olaraq biz bunu edərik. Onlara sadəcə smetanı hazırlamağı tapşırdıq. 

- Şuşa işğaldan azad olunduqdan sonra atanızı yuxuda görmüsünüz? 

- Bir neçə dəfə...  Xatırlayıram, 1982-ci ildə atamla bir yerdə məqbərə açılışına getmişdik. Yavaş-yavaş qar yağırdı... Küləksiz, sakit hava adama ləzzət edirdi. Atam, daha bir neçə başqa sənətkarlar qarın altında dayanmışdılar. Sonra atam üşüdü və biz “Qarabağ” mehmanxanasına girdik. Orada çalışan oğlana dedim ki, tez bizə 50 qram konyak ver. Dedi, “olmaz, yoldaş Kivorkov tapşırıb ki, iclas qurtarmamış heç kimə içki verməyin”. Mənim Mərkəzi Komitədə dostum vardı, Alxas Əliyev, həmin oğlana təpindi ki, bilirsən kimə “olmaz” deyirsən? Biz orda atamla Şuşanın sağlığına içdik... O gün, həmin gözəl anlar yuxuma girir. 
Düşünürəm, indi atamın ruhu rahatdır. 


- Siz dəyərli ziyalımız, musiqiçimiz olmaqla yanaşı, həm də içtimai xadim, Qarabağ Azərbaycanlı İcmasının üzvüsüz. Sülhməramlıların Qarabağdakı fəaliyyətini necə dəyərləndirirsiniz?
 

- Açığını deyim, onlara inanmıram. Qorxuram ki, ermənilərlə azərbaycanlıların arasında hansısa ayrı bir qüvvə olsa, bu müharibə davam edəcək. Başqa qüvvə olmasa, ermənilərlə yalnız biz özümüz mübarizə aparısaq, danışsaq o zaman nəticə əldə edəcəyik. Əgər onlar 3-5 ildən sonra ordan çıxmaq istəməsələr, o zaman əlbəttə, bu problem qalacaq. Kim bilir, bəlkə Kəlbəcər və ya Qubadlıda Türk Hərbi bazaları yaratmağa məcbur olacağıq. Çünki ayrı yolumuz olmayacaq… Xocalı məni çox yandırır, incidir. Hansısa vanyan, manyanın orda olmasını heç cür qəbul etmirəm. Bilirəm ki, bu müvəqqətidir, ümidvaram, gec-tez onlar ordan çıxacaq. 

- Bəs, Qarabağda ermənilərlə bir yerdə yaşamağı mümkün hesab edirsiniz?

- Çətin. Bunun üçün 50-100 il keçməlidir. Bəlkə bu illərdən sonra vəziyyət başqa cür olacaq və bunu mümkün edə biləcəyik. Amma hazırda mən Xocalıda ermənilərlə necə yaşaya bilərəm? İsraildə olanda mən fələstinlilərlə yəhudilərə baxıb məətəl qalırdım. Onlar bərabər yaşayırlar. Demək olar, hər gün vuruşurlar, amma buna rəğmən hər gün minlərlə fələstinli sərhəddi keçib Tel-Əvivə işləməyə gedir. Onlar həmin formanı tapıblar. Çox çətin məsələdir. Məncə, bu onlardan çox asılıdır. Çünki ermənilərin günahı çox böyükdür. Onlar bizi qovdular, evlərimizi dağıtdılar, biz onlara əl qaldırmadıq. Təqsir onlardadır, onlar bunu dərk etməlidirlər. Necə ki, almanlar II Dünya Müharibəsindən sonra bütün dünyadan üzr istədilər. Brandt kansler olanda diz üstə çöküb üzr istədi. Əlbəttə, mən inanmıram ki, dılğır Sarkisyan Xocalıda diz üstə çöküb üzr istəsin. Onun səviyyəsi odur. Amma almanlar bunu bacardılar və ona görə indi onlara hörmət qoyulur. Əgər ermənilər də üzr istəməyi, öz səhvlərini anlamağı bacarsalar, o zaman bu məsələni düşünmək olar. Tarixi saxtalaşdırmaqdan əl çəkməsələr, bu, mümkün deyil.  

- Cıdır düzündə solo-konsert proqramı ilə çıxış etmək arzunuzu reallaşdıracaqsınızmı?  

- (Gülür) Orada çətin. Mən Cıdır düzündə xorları, orkestləri, “Koroğlu”, “Leyli və Məcnun” operalarını görürəm. Planlarımız çoxdur.  

- Bilirəm ki, tək gözəl musiqinin yox, gözəl futbolun da aşiqisi
z… 

- Oy… Futbolun adını çəkməyin. Son oyundan sonra çox qəzəbliyəm. Məğlub olmaq olar, amma vuruşmaq, mübarizə aparmaq lazımdır axı... Uşaq kimi oynayırdılar, o nə idi elə? Mən o oyunda mübarizə görmədim. Portuqaliyanın çox güclü komanda olduğunu başa düşürəm, amma İrlandiyada olanda mübarizə aparırdınız axı... Niyə bizə bir bayram bəxş eləmədiniz? Ona görə bir az qanım qaradı. Necə ola bilər ki, güləşçilər, boksçular, cüdoistlər yetişir, taekvondo var, amma futbol yoxdur, alınmır ki, alınmır...



- Şuşalı Fərhad müəllimim, müsahibə üçün təşəkkür edirəm. "Yoruldum" demədən, səbr edib suallarıma tam səmimi cavab verdiyiniz üçün Sizə minnətdaram.  

- Mən təşəkkür edirəm və artıq ürəklə deyirəm, ŞUŞADA GÖRÜŞƏRİK!  

Müəllif: Ülkər QASIMOVA 
Foto: Hüseyn HƏSƏNOV 
Video: Nicat NİFTƏLİYEV, Hüseyn HƏSƏNOV