"Əlamətdar günlərimizi DÜZGÜN ADLANDIRMALIYIQ" - Deputat
    • 12-10-2021, 11:39
    • 369

"Əlamətdar günlərimizi DÜZGÜN ADLANDIRMALIYIQ" - Deputat

"Dövlətçilik tariximizlə bağlı əlamətdar günlər və onun necə adlandırılması milli tarixi yaddaşımızın düzgün əsaslarda formalaşması və gələcək nəsillərə də düzgün və dəqiq ötürülməsini zəruri edir. Ona görə də biz 28 may tarixinin "Müstəqillik Günü", 18 oktyabr tarixinin isə "Müstəqilliyin Bərpası Günü" adlandırılması ilə bağlı Milli Məclisdə qanun layihəsini müzakirə edərkən bir sıra mühüm nüanslara diqqətlə nəzər yetirməli, bu dəyişikliyi zəruri edən şərtləri də əsaslandırılmış şəkildə, obyektiv əsaslarda düzgün şərh etməliyik. Hər şeydən öncə qeyd etməliyik ki, dövlətçiliyimizin inkişaf tarixi baxımından bu dəyişikliyi aktual edən mühüm bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələ Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəmiz və onun yaratdığı reallıqlarla bağlıdır”.

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, reallıq isə ondan ibarətdir ki, qalib xalq kimi yenidən milad etdiyimiz bir vaxtda milli şüur və düşüncəmizdə də, dövlətçilik təfəkkürümüz və onun yeni, obyektiv əsaslarda formalaşmasında da yeni çağırışlarla ayaqlaşmalı, dünənimiz və bu günümüz arasında düzgün əlaqə qurmalıyıq ki, gələcəyimiz də strateji əsaslara formalaşsın: “Bu mənada dövlətçilik tariximizin mühüm əlamətdar günləri, onların adları və bu adların daşıdığı məzmun xüsusi strateji komponent kimi çıxış edir. Buradakı ardıcıllıq və varislilik də heç də ondan az əhəmiyyət kəsb etmir. Çünki bu tarixi yaddaş formulası təkcə ictimai şüurumuza doğruları ötürməklə bağlı deyil, həm də bütün dünyaya dövlətçilik tariximizlə bağlı mühüm informasiya ötürə bilməsi ilə səciyyəvidir. Ona görə də qeyd etməliyəm ki, təqdim olunan qanun layihəsi hüquqi, siyasi baxımdan olduğu kimi dil, üslub və terminalogiya baxımından da Azərbaycan dilinin qanunauyğunluqlarına adekvat şəkildə düzgün şərh edilməlidir. Qanun layihəsində əks olunan dəyişikliyin hüquqi tərəfləri ilə bağlı layihənin giriş hissəsində xüsusi şərh verilib. Bu kifayət qədər əsaslandırılmış və obyektiv şərhdir. Çünki müstəqillik tariximizin hüquqi siyasi əsaslarını təmin edən tarixi aktlar və qərarlara istinad edilməklə bunlar arasında hüququn texniki baxımdan düzgün şərh edilməsinə diqqət çəkilir. Əsas məsələ üzərində, yəni müstəqillik haqqında konstitusiya aktı ilə müstəqilliyin bərpa edilməsi haqqında termininə vurğu edilərək ikincinin tarixi və hüquqi-siyasi gerçəklik baxımından daha dəqiq olduğuna vurğu edilir. Doğurdan da həm hüquqi baxımdan, həm də sözün ifadə etdiyi məzmun baxımdan ikinci daha doğrudur və həm milli yaddaşımıza həm də bütün dünyaya informasiya vermiş olur ki, biz 1991-ci ildə dövlət müstəqilliyimizi bərba etdik. Əsl müstəqillik tariximiz isə 1918-ci ildən başlayır. Bunlar isə tamamilə fərqli şeylərdir, çünki birinci halda müstəqillik tariximiz təqribən 30 illik, ikinci halda isə artıq 103 illik keçmişlə əlaqələndirilmiş olur”.


Deputat qeyd edib ki, əslində yeni qanun layihəsini olduğu kimi qəbul etmək üçün elə bu izahat kifayətdir: “Ancaq məsələ ondadır ki, biz həm də bu vaxta qədər “Respublika” günü kimi qeyd etdiyimiz tariximizi də bundan sonra “Müstəqillik” günü kimi qeyd edəcəyimiz dəyişikliyi etməyə hazırlaşırıq. Bu isə bəzi hallarda yanlış anlaşılır, bəzi hallarda isə müxaliflər tərəfindən qəsdən yanlış təqdim edilməklə istismar edilir. Beləliklə ictimai rəydə əslində zəruri və lazımlı olan bu tarixi dəyişiklik qeyri-obyektiv təəssürat yaradır. Ona görə də mən bu məsələnin üstündə ayrıca dayanmaq istəyirəm. Hörmətlə yad etdiyimiz və daima xatirələri önündə baş əydiyimiz, Azərbaycan Xalq Çümhuriyyətini quran və bu xidmətləri ilə xalqımıza əvəzedilməz miras qoyan əcdadımız Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan Bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli kimi tarixi şəxsiyyətlərimiz qurduqları müstəqil dövlətimizin adını Azərbaycan Xalq Cümhuriyyəti qoydular. Bunu bütün dünyaya bəyan edərkən istifadə etdikləri termin isə “İstiqlal Bəyannaməsi” oldu. Yəni, müstəqillik haqqında bəyannamə! Çünki hazırda dilimizdə ən çox işlənən sözlərdən olan müstəqillik və istiqlal sözlərinin hər ikisi ərəbcədən yaranıb. Mənası heç kəsə tabe olmayan, səlahiyyət sahibi olan deməkdir. Yəni müstəqiliymizi ifadə etmək üçün Xalq Çümhuriyyətimizi quran əcdadımız “İstiqlal Bəyannaməsi” formulasını təsadüfən yox məhz bu sözün ehtiva etdiyi semantik məzmuna əsaslanaraq istifadə etmişdilər. Ona görə də biz həmin günü elə “Müstəqillik” tariximiz kimi qeyd etməliyik. Bu həm dilimiz və onun semantik qanunauyğunluğu baxımından həm də şüurumuzda müstəqillik sözünün yaratdığı asossasiya baxımından düzgün və məntiqlidir. Bu günə qədər bayram etdiyimiz “Respublika Günü” termininə gəldikdə isə qeyd etmək lazımıdr ki, heç bir halda Respublika sözü Müstəqillik və İstiqlal sözünün sinonimi olmadığı üçün biz müstəqilliyimizi ifadə etmək üçün Respublika sözünü işlədə bilmərik. Respublika bir dövlətin idarəetmə formasını bildirən xususi termindir. Latın dilində dövlət işləri, ictimai işlər mənasını ifadə edir. Hazırki məzmununa gəldikdə isə ali hakimiyyəti xalq tərəfindən seçilməklə formalaşdırılan idarəetmə forması deməkdir. Ona görə də idarəetmə formasına görə dövlətləri təsnifatlandırarkən biz Prezidentli Respublika, Parlamentli Respublika yaxud qarışıq tipli Respublika kimi ifadələrdən istifadə edirik və bu beynəlxalq leksikon üçün də anlaşılan olur. Yəni, nə etimoloji və semantik nə də terminoloji baxımdan Respublika sözü müstəqilliyi ifadə etmir .Ona görə də bizim Respublika gününü Müstəqillik günü ifadəsi ilə əvəz etməmiz həm dilimizin tələbləri, həm beynəlxalq siyasi-hüquqi terminlərin tələbi, həm də tarixi reallığımızın düzgün ifadə olunması baxımından olduqca doğrudur”.

H.Babaoğlu vurğulayıb ki, dəyişikliyin siyasi-hüquqi tərəflərinə gəldikdə isə qısaca olaraq daha bir mühüm məsələ üzərində dayanmaq istəyirəm: “Düşünürəm ki, bu xüsus həm hazırki reallıqlar və milli çağırışlarımız kontekstində, həm də formalaşmaqda olan yeni geostrateji konfiqurasiya və güc balansı kontekstində olduqca aktualdır. Söhbət ondan gedir ki, hazırki müstəqil Azərbaycan Respublikası müstəqillik haqqında konstitusiya aktı qəbul edərkən özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi elan edib. Bu tamamilə doğrudur. Ancaq biz eyni zamanda bilirik ki, Xalq Cümhuriyyəti ilə Müstəqil Azərbaycan arasındakı tarixi mərhələdə bizim milli dövlətçiliyimizn ayrı bir həlqəsi, sovet dövrü olub. Doğrudur, Sovet Azərbaycanı müstəqil dövlət deyildi. Ona görə ki, beynəlxalq hüququn suveren subyekti sayılmırdı. Ancaq hər halda mövcud idi və dövlətçilik ənənələrimizin davam etdirilməsi və milli kimliyimizin qorunması baxımından olduqca əhəmiyyətli idi. Özünün sərhədləri, inzibati-siyasi strukturu, qanunverici və icraedici strukturları və s. var idi. Ona görə də dövlətçilik tariximizin ardıcıllığı baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Ancaq bizə o da məlumdur ki, sovet imperiyası Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradıb onun ərazisini öz tərkibinə qatdıqdan sonra Xalq Cümhuriyyətimizin beynəlxalq hüquqla tanınan sərhədlərini də ciddi şəkildə dəyişikliyə məruz qoymuş və daxili inzibati-siyasi strukturlaşmamıza yad olan tutaq ki, Dağlıq Qarabağ kimi süni struktur tərkibləri yaratmışdı. Bu gün müzəffər Ali Baş Komandanımız öz qalib ordusu ilə bütün bunlara son qoyub. 7 iyul tarixində Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaratmaqla süni bölgüləri silib. Müstəqil Azərbaycanın suverenliyini bərpa edib. Belə olan halda həm bu tarixi çağırışlar və həm də tarixi ədalət naminə hazırki çağırışları düzgün qiymətləndirməklə biz tarixi günlərimizin düzgün, dəqiq və məzmunlu ifadə olunması üçün əlamətdar günlərimizi də düzgün adlandırmalıyıq”.

Siyasət şöbəsi