Yerdən uzaq, ulduzlara yaxın təbiət möcüzəsi : XINALIQ - FOTOREPORTAJ
    • 19-10-2021, 18:04
    • 1 152

Yerdən uzaq, ulduzlara yaxın təbiət möcüzəsi : XINALIQ - FOTOREPORTAJ

Çox yüksəklərdə, xınalı yamaclarda bir kənd var. O kənd ki, gələnləri kiçik evlər, dar çığırlar, əlində yavanlıqla maşın səsinə çölə yüyürən balacalar, tində skamyalarda siqaret tüsdülədən qocalar salamlayır.

O kənd ki, payız axşamları sakit, küçələri səmirsiz, amma insanları nəşəli, evləri qonaqsevər, sevgi doludur.

O kənd ki, Allah bütün rənglərindən ona pay verib. Baharı rəngarəng, yayı cənnət, payızı büsat, qışı nağıldır.

Mən onu büsat mövsümündə ziyarət elədim...

Axşamın alatoranında xışıldayan, sarı-qırmızı yarpaqlar örtən kənd yollarıyla addımlayıb yarıçılpaq təpələri, bacası tüstülənən evləri seyr eləyə-eləyə Bakının səs-küyündən, tozundan uzaq kəndin təmiz havasını, həyətlərdən gələn təndirin ətrini ciyərlərimə çəkdim.

İlk ağlımdan keçən bu oldu: deyildiyi qədər varmış… 

Gerçəkdən dünyanın yerlərdən uzaq, ulduzlara yaxın ən ecazkar, ən mənzərəli, ən rəngarəng məkanı məhz buradır- Xınalıq!

Kəndə qalxan taksi sürücüsü məni Qubada “Xınalıq” otelinin qarşısından götürdü. Buradan 1 saat 20 dəqiqəlik yolu sıldırım qayaların arası ilə, ensiz yollarla qalxdım.  “Niva” qayanın başına dolandıqca açılan əzəmətli mənzərəyə heyranlıqla baxırdım.


Yol yoldaşım Xınalıq sakini Mehman bəy ətrafa vurğunluqla baxdığımı görüb “Hələ bu harasıdır? Bir azdan bu gördüklərinin hamısı aşağıda qalacaq. Qabaqda nadir ağaclıqlara rast gələcəyik” dedi. Elə də oldu... Hündürlüyə qalxdıqca gördüyüm təbiət mənzərəsi qulaqlarımdakı uğultunu unutdurdu. Dayanmadan hər məqamı lentə almağa çalışırdım.
 

Və beləcə dəniz səviyyəsindən 2200 metr hündürlükdə, bizim Xınalıq, yerli əhalinin isə Kətiş adlandırdığı kəndə çatdıq.


Dağlarının başı qarlı, amma özü yaşıllıq olan Xınalıq camaatı özlərini “kəttid”, dillərini isə “kətiş dili” adlandırırlar. 


İlk təəssüratda anladım ki, kətişlilər əlində fotoaparat olan gəlmələri görməyə öyrəncəlidirlər. Soruşanda məmnunluqla gülümsəyib, “Bura Azərbaycanın ən gözəl kəndiddir, buranı çəkmək üçün haralardan gəlirlər, bir bilsəniz?!” deyirlər.



Qılıqlı, ünsiyyətcil camaatla söhbətdə anladım ki, kəndi gəzib çəkib başa çıxmaq üçün bir gün bəs eləməyəcək.


Gecəni mütləq qalmalıyam. Ona görə də balaca evlərdən birini kirayələdim. Maraqlısı odur ki, ev kirayəsinə verdiyimiz məbləğə yemək-içmək də daxil idi. Özü də necə yemək… Təndir çörəyi də, balı, da, qaymağı, çolpası, yumurtası da bir başqa ləzzətli, bir ayrı dadlı. Hələ əşyalarımı yerləşdirən kimi içdiyim mürəbbəli çayın tamını demirəm… Bitirdiyi, yetişdirdiyi hər məhsula torpağın ətri, qoxusu, hopmuşdu sanki.



Xınalıqda istər yerli, istərsə də xarici tursitlər üçün ən gözəl bələdçi kəndin azyaşlılarıdır. Özləri yaxınlaşıb haranı axtardığınızı soruşurlar. Bəzən də uzaqdan gülümsəyib sevinclə salam verirlər. 



Mənə də kəndin içində dolaşmağa balaca Tural kömək elədi.



Öncə məscidə, sonra kənddən açıqlan ən gözəl panorama görüntüsünü çəkə biləcəyim yerə apardı. 


Xınalığa gələnlərin ən çox diqqətini çəkənləri göstərməyi də unutmadı. Arxeoloji qazıntılarda tapılan antik əşyaları deyirəm. Onlar Xınalıq muzeyində qorunur. Orda mənimlə birgə bir neçə xarici qonaqlar da var idi.


Onlar maraqla müxtəlif dövrlərin ziynət, məişət əşyalarına baxıb məlumat toplayırdılar. 




Sonra mənim kimi onlar da kəndi gəzib görməli yerləri ilə tanış oldular. Yoxuşlarda bir neçə dəfə rastlaşdıq. Kəndə necə heyran olmuşdularsa, eyni küçələrdən təkrar-təkrar keçirdilər. 


Burada şəxsi ev muzeyi olan Hacıbala dayı (Bədəlov) ilə də tanış oldum. Xınalığa gələn hamı mütləq bu qonaqpərvər dayının qapısını döyür.


Çünki onun muzey evində meteor daşının bir hissəsi, yaşı hələ də dəqiq bilinməyən qədim Quran kitabı, xəncərlər, silahlar, müxtəlif dövrlərin dəmir pullarını və s. qorunub saxlanılır. 





Burdakı kitabların da yaşı az deyil. Hacıbala dayı deyir ki, onların hamısı nənəsindən miras qalıb.

Bir sualımı cavabsız qoymayan ağsaqqal kəndin adının anlamını da özünəməzsus tərzdə anlatdı: ““Kə” sözünün mənası “bizim”, “tiş” isə məkan deməkdir. Kəndimizin adamları özlərinə “Kəttid” yəni “bizimkilər”, “özümüzünkülər” deyirlər. Bir də  payız aylarında gün çıxanda bizim dağlar xına rənginə boyanır Xınalıq kəlməsinin burdan yarandığını da deyirlər”.

Dağlardan söz düşmüşkən, onu da öyrəndim ki, Xınalıqdakı dağların da kəttiş dilində fərqli adları var:

Qara qaya – Micə dahar
Qızıl qaya – Xris dahar
Bazardüzü – ÖÖS
Xınalıq dağı – Kətşi mıda Qiblə dağ
Tufan dağ – Tufan tüi mıda
Şah dağı – Qaf dağı

Hacıbala dayının bir də maraqlı kitabçası var. Bura dünyanın istənilən yerindən gələn tursitin öz dillərində təşəkkür sözlərini və təəssüratlarını yazırlar. 

Kitabçaya mən də yazdım: “Yerdən uzaq, ulduzlara yaxın Xınalıq, səni çox sevdim”. 

Kənddə onu da öyrəndim ki, adət-ənənə və inancları da çox maraqlıdır. Sən demə, bir zamanlar Xınalıq məscidlərinin yaxınlığında "zülmətxana" adlı bacasız, pəncərəsiz otaqlar olub. Günahı olan şəxslər həmin qaranlıq otaqlarda 3-4 saat vaxt keçirərək Allaha təmənna edərmişlər ki, günahlarını bağışlasın. 

Xınalığın təbiəti qədər ailə gələnəkləri də gözəldir. Bu kənddə demək olar ki, boşanma sayı sıfıra bərabərdir. 
 
Təsərrufatla məşğul olan kənd camaatının daha bir ənənəsi var, mal-qara saxlayanlar payızın soyuğu düşən kimi arana köç edirlər. Bəlkə də kənddəki səssizliyin əsas səbəbi də elə bu idi. 


Beləcə, gecə düşdü, qaş qaraldı, evlərdə işıqlar yandı və sakinlər gündəlik məişət qayğılarından uzaqlaşıb evlərinə çəkildilər. 


Mənsə aydın səmanı, əl uzatsan çatacaq qədər yaxın görünən ulduzları seyr edib indiyədək bura gəlmədiyim üçün özümü qınayıram. 




Səhər 08:00. Xınalıqla sağollaşıram. Məni şəhərə aparacaq taksi qapıda gözləyirdi. Heyfislənirdim ki, bu cənnət məkanda daha bir neçə gün qalıb insanlarını daha yaxından tanımaq üçün vaxtım qalmadı. Bakının səs-küyü yenə məni gözləyirdi.

Reportaja əlavə olaraq onu da qeyd edim ki, bu sevimli kənd Ümumdünya Turizm Təşkilatının elan etdiyi “Ən yaxşı turistik kənd” müsabiqəsinin namizədlərindən biridir. Məhz bu səbəbdən də hazırda Xınalıqda 16 ev Dövlət Turizm Agentliyi tərəfindən təmir-bərpa edilir. 


Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fərəh Əliyeva ilə əlaqə saxlayaraq aparılan işlərin hazırda hansı mərhələdə olduğu ilə maraqlandım. Bildirdi ki, vətəndaşların ölkə rəhbərliyinə və Dövlət Turizm Agentliyinə dəfələrlə etdikləri müraciətləri nəzərə alaraq DTA “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisində təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb: “2020-ci ildə İlkin mərhələdə ən təhlükəli 16 ev seçilib, onların təmir-bərpa layihəsi hazırlanıb. Evlərin təmir-bərpa layihəsi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin layihə institutu tərəfindən hazırlanıb. Bu evlər demək olar qəzalı vəziyyətdə olub, uçulub dağılmaq təhlükəsi ilə üzləşənləri də var. 2021-ci ilin may ayından 16 evin təmir-bərpa işləri başlayıb. Bərpa zamanı evlərin bünövrəsinin gücləndirilməsi, divarların hörgüsündəki çatların aradan qaldırılması və yenidən tikilməsi, dam örtüyünün və taxta elementlərinin (pəncərə, aynabənd və s.) yerli memarlıq ənənələrinə tam uyğun şəkildə bərpası nəzərdə tutulub. Bərpa işləri davam edir və bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Ümumilikdə 16 ev üzrə təmir bərpa olunan sahə 4352 m2 təşkil edir”.

Mərkəzdən eyni zamanda da 2022-ci ildə 44 evin də bərpa ediləcəyi vurğulanıb. Artıq bununla bağlı layihə də hazırdır: “Xınalığın özünəməxsus memarlıq elementləri onun əsas mədəni irs dəyər atributlarından biridir. Dövlət Turizm Agentliyinin mərkəzi icra hakimiyyəti orqanı kimi əsas vəzifəsi tabeliyindəki qoruqların mədəni irs elementlərini qorumaq və konservasiya etməkdir. Ona görə də bu evlərin qorunub saxlanması, bərpası prioritet istiqamətdir”.

Təbii ki, turizmin inkişafı və Xınalığa daha çox yerli və xarici turistlərin səfər edə bilməsi üçün ən vacib məqamlardan biri də onun yoludur. Həm ziyarətçilərin, həm də kənd əhalisinin rahatlığı üçün Xınalığa çəkilən yeni yolla bağlı işlər davam etdirilir. 
Foto: AAYDAFoto: AAYDA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, tikintisi ötən il tamamlanan 24 km uzunluğa malik Alpan-Kürkün-Susay avtomobil yolunun davamı olan 30 km uzunluğunda Susay-Xınalıq avtomobil yolu 2 hərəkət zolaqlı olacaq: “Hazırda dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə tikinti işləri aparılır”.

Teymur Mammadov
Fotolar müəllifə aiddir