Azərbaycanda daha bir iyrənc hadisə: Bu dəfə BABA 10 YAŞLI NƏVƏSİNİ... – TƏFƏRRÜAT
    • 1-11-2021, 11:02
    • 1 267

Azərbaycanda daha bir iyrənc hadisə: Bu dəfə BABA 10 YAŞLI NƏVƏSİNİ... – TƏFƏRRÜAT

Oktyabrın 14-də Yevlax rayon məhkəməsində Yevlax şəhər sakini, 1957-ci il təvəllüdlü Ərəstun Quliyev (ad və soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 153.3-cü maddəsi (əxlaqsızlıq - yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən törədildikdə) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Toğrul Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs öz nəvəsi, 10 yaşlı Ləmana qarşı əxlaqsız hərəkətlər edib.

Belə ki, 64 yaşlı kişi 2019-cu ilin noyabr ayında Yevlax şəhəri, B.İmanov küçəsi 99 saylı həyət evində 2010-cu il təvəllüdlü nəvəsini bəhanə ilə həyətdən evə çağırdıqdan sonra evin birinci mərtəbəsindəki otaqda təklikdə qalanda ona qarşı zor tətbiq etmədən onu qucağına aldıqdan sonra bədəninin müxtəlif yerlərinə toxunmaq və öpməklə müxtəlif əxlaqsız hərəkətlər edib.

Təqsirləndirilən şəxs məhkəmədə gəlinin ona böhtan atdığını deyib: “Oğlum 2007-ci il tarixdə Bakı şəhər sakini Günellə evlənib və bir müddət Bakıda, daha sonra Rusiya Federasiyasında yaşayıblar. Onların üç qızı və bir oğlu var. Oğlumla Günel arasındakı münasibətlər pozulduğundan gəlin azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərinə, anasının evinə köçmüşdü. Təxminən 2019-cu ilin mart ayında oğlum xahiş etdi ki, Günel uşaqları ilə birlikdə Yevlax şəhərinə gəlib bizimlə yaşasın və mən də yoldaşımla buna etiraz etmədim. Onlar bizə köçdülər, qız nəvələrimi oxumaq üçün Yevlaxda orta məktəbə düzəltdik. Bir müddət yaşadıqdan sonra Günel bildirdi ki, uşaqları ilə birlikdə Bakı şəhərində yaşayan anası evinə gedəcək. Buna görə ona yolpulu verib yola saldıq. 28.11.2019-cu il tarixdə məlum oldu ki, Günel polis şöbəsinə ərizə təqdim edərək bildirib ki, guya 02.11.2019-cu il tarixdə yaşadığımız evdə mən nəvəm Ləmana qarşı əxlaqsız hərəkət etmişəm. Həmin gün nəvələrim Ləman və Səbinə mənimlə bir evdə olsalar da, Ləmana qarşı heç bir əxlaqsız hərəkət etməmişəm. Günel uşaqları ilə birlikdə bizimlə bir evdə yaşasa da, həmin günü belə bir hadisənin olduğunu bildirməyib. Yalnız çıxıb anasının evinə getdikdən sonra belə bir ərizə verib. Belə ki, Günel oğlumla münaqişədə olduğundan övladlarını öyrədib. O, bizdən Bakı şəhərində ev alınmasını tələb edir, lakin buna maddi imkanımız olmadığından onun tələbini təmin etməmişik. Buna görə Günel belə ərizə təqdim edib ki, ona ev alınmasına nail olsun. Bu müddət ərzində Günellə normal münasibətlər yaratmağa cəhd etsək də, o, bizim qarşımıza yeni tələblər qoyub”.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı, azyaşlı uşağın nənəsi M.Quliyeva da gəlininin onun ərinə şər atdığını deyib: “Oğlum Rusiyadan zəng edib xahiş etdi ki, Günel övladları ilə gəlib Yevlaxda bizimlə birlikdə yaşasın. Bunu ərim Ərəstun biləndə dərhal etiraz etdi. Bildirdi ki, Günel bizimlə heç Rusiyada dolana bilməyib, burada da dolanmayacaq. Buna baxmayaraq oğlumun istəyinə razılıq verdik. Günay uşaqları ilə bizə köçüb bir müddət yaşadı. Həmin vaxt çörək bişirmə sexində işlədiyindən ara-sıra evdə olmayıb. Lakin, uşaqlar heç vaxt tək Ərəstunla qalmayıb, həmişə anaları yanlarında olub. 2019-cu ilin noyabrın 8-də Günel Bakıya anasıgilə getmək istədiyini bildirdi və mən ona pul verərək yola saldım. Elə on gündən sonra oğlum zəng edərək Günelin Ərəstundan polisə şikayət etdiyini dedi. Guya ki, onlar Bakıya getməmişdən öncə belə bir hadisə baş verib. Ərim içki düşkünü deyil, heç vaxt hər hansı əxlaqsız hərəkət etməyibr. Günel bizdən ev alınmasını və ya 80,000 manat ödənilməsini tələb edib, maddi imkanımız olmadığından ala bilməmişik. Bu səbəbdən Günel həmin ərizə ilə polis orqanlarına müraciət edib. Bu hadisədən sonra Ərəstun buna dözməyərək özünü Kür çayına atmaqla intihara cəhd edib, sadəcə orada olan şəxslər onu xilas ediblər”.

Məhkəmədə zərərçəkmiş şəxs kimi dindirilən azyaşlı qız bildirib ki, hadisə baş verən gün şənbə günü olduğuna görə dərsə getməyib: “Səhər saatlarında anam məni və bacılarımı babam Ərəstunun yanında qoyaraq bazara getdi. Babam həmin gün də sərxoş idi. Həmin gün bacım mənim əlimə xına qoymuşdu, Ərəstun babam çarpayının üstündə oturmuşdu və bizə dedi ki, gəlin yanımda oturun görüm xınanı əlinizə necə yaxırsız. Babamın yanına getdik. Bu zaman babam məni və bacımı qıdıqladı. Sonra həyətə düşdük. Bir müddət sonra babam məni çağıraraq külqabını ona gətirməyimi istədi. Böyük bacım gətirmək istəyəndə babam dedi ki, yox, Ləman gətirsin kül qabını. Kül qabını götürüb babama aparıb verəndə babam sol əlimdən tutaraq özünə tərəf çəkdi”.

Azyaşlı ifadəsində babasının ona qarşı müxtəlif əxlaqsız hərəkətlər etdiyini deyib.

Məhkəmədə ifadə verən uşağın anası Günel Quliyeva bildirib ki, noyabrın 8-də Bakıya qayıdandan sonra Ləman baş verən hadisə barədə nənəsinə danışıb və dərhal ona bildiriblər. O, həmin gün Rusiyadakı yoldaşına zəng edərək hadisə barədə danışıb, həmçinin gəlib məsələni həll etməsini, onlara ayrıca ev almasını tələb edib. 20 gün müddətində yoldaşının gəlmədiyini və onlara ev almayacağını görən Günel polisə qayınatası barədə şikayət ərizəsi yazıb.

Yevlax rayon Məhkəməsi Ərəstun Quliyevi həbs etməyərək onun 2 il müddətinə islah işlərinə məhkum edilməsini və qazancının 20 faizinin dövlət nəfinə tutulmasına qərar verib.