Zəfər Günü münasibətilə bu nazirlik ağacəkmə aksiyası keçirdi
    • 9-11-2021, 09:36
    • 315

Zəfər Günü münasibətilə bu nazirlik ağacəkmə aksiyası keçirdi

Energetika Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

News24.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, tədbirdə nazirliyin aparatının və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər.

Aksiya zamanı Qobustan Hibrid Elektrik Stansiyasının ərazisində 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş şəhər, kənd və qəsəbələrimizin adına 298 ədəd müxtəlif növ ağac əkilib.

Energetika naziri Pərviz Şahbazov nazirliyin əməkdaşlarını Zəfər Günü münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun vətən uğrunda göstərdiyi şücaətlərdən söz açıb, Vətən müharibəsində qəhrəmancasına döyüşərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş igid əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulduğunu, hər zaman böyük ehtiram və hörmətlə yad edildiyini deyib.

Həmçinin, nazirlik əməkdaşları tərəfindən Qobustandan olan şəhid ailələri ziyarət edilib, Zəfər Günü münasibətilə bayram sovqatları təqdim olunub.