Azərbaycanlı aktyor: "Şöhrət xatirinə çəkilənlər qabiliyyətsizlərdir" - FOTO - VİDEO
    • 23-11-2018, 16:30
    • 2 760

Azərbaycanlı aktyor: "Şöhrət xatirinə çəkilənlər qabiliyyətsizlərdir" - FOTO - VİDEO

"Boyunbağı" serialında oynadığı baş roldan sonra daha da tanınan aktyor Həbib Fərəcov son vaxtlar film və seriallarda görünməməsi barədə danışıb. 

News24.Az-a açıqlama verən aktyor təkliflər aldığını, amma müxtəlif səbəblərdən imtina etməsinin səbəbini açıqlayıb. Bildirib ki, son vaxtlar aldığı təkliflər onu qane etməyib: "Əsasən rol qarşılığında verilən qonorar məni qane etmir. O baxımdan bizdə aktyoru düzgün qiymətləndirmirlər. Elə qonorar ucbatından da serial və filmlərimizin əksəriyyəti məhv olmuş vəziyyətdədir. Serial ya da filmə çəkilən aktyorların çoxu qonorarın azlığı ucbatından ürəklə oynamır". Aktyor onu da bildirib ki, çoxu şöhrət xatirinə çəkildiyi üçün qonorar onları düşündürmür. Şöhrət xatirinə çəkilənlərin əksəriyyəti də qabiliyyətsizlərdir. 
Bundan başqa, H. Fərəcov çəkilmək üçün təklif aldığı əksər rejissorların qeyri-peşəkar olduqlarını vurğulayıb. Bu səbəbdən də çəkilməkdən imtina edib. 

Bir çox təklifi yuxarıda göstərilən səbəblərdən rədd edən aktyor Space kanalında yayımlanan "Amaya" serialında çəkilmək üçün bu günləırdə rejissor Nicat Manafovdan təklif alıb. Təklifi qəbul edən Fərəcov serialın gələn aydan yayımlanan bölümlərində tamaşaçıların qarşısına çıxacaq. 

Qeyd edək ki, Həbib Fərəcov tamaşaçılara "Sonun başlanğıcı", "Boyunbağı", "Səadət", "Həyat, sən nə qəribəsən", "Son addım", "Qar dənəsi", "Yara", "Kölgə" seriallarından və "Canavar qoxusu" bədii filmində yaratdığı müxtəlif obrazlardan yaxşı tanışdır.

İxtisasca muzeyşünas olan Həbib Fərəcov idmanın karate növü ilə məşğuldur. 
Xüsusi olaraq vurğulayaq ki, o, xalq artisti Ağadadaş Ağayevin doğma bacısı oğludur. 

Azər NƏSİBOV