Salyanda törədilən qətllə bağlı CİNAYƏT İŞİ AÇILDI
    • 24-11-2021, 11:03
    • 585

Salyanda törədilən qətllə bağlı CİNAYƏT İŞİ AÇILDI

Salyan rayonunda törədilən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 23-ü saat 21 radələrində Salyan rayon sakini, 1992-cu il təvəllüdlü Səbuhi Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tural Nəzirovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Səbuhi Qasımovun sol döş qəfəsi və baş nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tural Nəzirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.