Baş Prokurorluqdan Şuşada 2 nəfərin minaya düşməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNDİ
    • 9-12-2021, 13:40
    • 397

Baş Prokurorluqdan Şuşada 2 nəfərin minaya düşməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNDİ

Xəbər verildiyi kimi, dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı  1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

*** 13:02
Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.