FHN-in cüdo komandasının idmançıları yüksək nəticələr əldə edib - FOTO
    • 15-12-2021, 12:35
    • 705

FHN-in cüdo komandasının idmançıları yüksək nəticələr əldə edib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Klubunun idman arenasında 7-12 dekabr tarixlərində Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kişilər və qadınlar arasında cüdo idman növü üzrə Azərbaycan kuboku və Bakı klubları arasında U-18 yeniyetmələrin Azərbaycan Cüdo Federasiyası kuboku keçirilib.

FHN-dən News24.az-a verilən məlumata görə, yarışda 33 komandadan 360-dan çox idmançı mübarizəyə qoşulub. Turnirdə FHN-in cüdo komandasının idmançıları İdman-Sağlamlıq klubunun əməkdaşı Fərid Ağakişiyev və məşqçi müəllimlər Arzu Axundov, Rasim Əliyevin rəhbərliyi altında yüksək nəticələr əldə ediblər. Belə ki, kişilər arasında 60 kq çəki dərəcəsində Nazir Talıbov, 81 kq çəki dərəcəsində Kərim Allahverdiyev və qadınlar arasında 52 kq cəki dərəcəsində Fidan Qasımova yarışın bürünc medalına layiq görülüblər. Yeniyetmə oğlanlar arasında 90 kq çəki dərəcəsində Aqşin Məhərrəmov və yeniyetmə qızlar arasında 63 kq çəki dərəcəsində Xədicə Baxışlı 4 görüş keçirərək yarışın gümüş medalına sahib olublar. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları təqdim olunub.


Dekabrın 15-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-nin cüdo komandasının idmançıları 2022-ci ildə Portuqaliyanın Odivelas şəhərində keçiriləcək cüdo idman növü üzrə “Qrand Prix” turnirində iştirak edəcək.