Yanvar bəyanatından Brüssel zirvəsinədək  - İLİN SİYASİ MƏNZƏRƏSİ
    • 22-12-2021, 16:17
    • 502

Yanvar bəyanatından Brüssel zirvəsinədək - İLİN SİYASİ MƏNZƏRƏSİ

Artıq 2022-ci ilə sayılı günlər qalıb. 2021-ci il Azərbaycan və dünya siyasəti üçün mühüm əhəmiyyət kəsb edən bir çox önəmli hadisələrlə yadda qaldı. 

News24.az ötən ilin ən önəmli, yaddaqalan siyasi hadisələrinin xülasəsinə ekspertlərin gözü ilə baxıb. 


Politoloq Natiq Miri saytımıza açıqlamasında bildirib ki, 2021-ci il üçün Azərbaycanda ilk önəmli siyasi hadisə yanvar ayının 11-də Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşün keçirilməsi olub: “Həmin görüş 11 yanvar Bəyannaməsinin imzalanması ilə nəticələndi. Bu sənəd 10 noyabr sənədinin davamı olaraq düşünülməlidir. Görüş həmçinin nəqliyyat kommunikasiyalarının açılmasını özündə ehtiva edir. Sənədin imzalanmasından artıq 1 ilə yaxın vaxt keçib. Ancaq təəssüf ki, hələ də nəqliyyat kommunikasiyalarının açılması yönündə hər hansı ciddi addım atılmayıb. Doğrudur, daha sonra 26 noyabr və Brüssel hadisələri oldu. Ancaq hər bir halda praktiki olaraq ortada nəticə yoxdur. Bu, müəyyən şübhələr yaradır. Həm Ermənistan hakimiyyətinin davranışları, həm də Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməməsi və zaman qazanması ilə bağlı bəzi suallar meydana çıxır. 

İlin digər önəmli hadisələrindən biri də Amerika Birləşmiş Ştatlarının qəflətən Əfqanıstanı tərk etməsi hadisəsi oldu. Bu məsələ bütövlükdə regiona çox ciddi təsir etdi. ABŞ-ın anidən Əfqanıstanı tərk etməsi ilə bağlı qəbul etdiyi qərarların arxasında hansı səbəblərin dayanması müəyyən şübhələr və müzakirə predmeti yaratsa da, bu yöndə də konkret hədəflər birmənalı ortaya qoyulmayıb. Ümumi təxminlər var ki, ABŞ öz rəqibləri ilə bağlı regionda terror mərkəzi yaratmaq məqsədilə Əfqanıstanı tərk edib. Versiyanın mahiyyəti isə bundan ibarətdir ki, Amerika İŞİD və digər terror ünsürlərinin tezliklə Əfqanıstanda bərqərar olacağını hesablayıb. Bu isə özlüyündə bütün qonşu ölkələri ciddi mənada təhdid edəcək. Bununla da ABŞ çox rahatlıqla regionu idarə edəcəyini düşünəcək. Ancaq biz gördük ki, bunların heç biri baş vermədi. Artıq bu hədəflərə çatmaqla bağlı böyük şübhələr var”. 

Azərbaycanın zəfər işığı...

İlboyu Azərbaycan və Ermənistan sərhədlərində, hətta Qarabağda - rus sülhməramlılarının yerləşdiyi ərazilərdə Ermənistan ordusu Azərbaycana qarşı bir neçə dəfə hərbi təxribatlar törədib. Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan hadisələrdən biri də bu hərbi təxribatlarla bağlıdır. Təxribatların sonuncusu 15-16 noyabrda baş verdi. Növbəti dəfə Azərbaycan Ordusu qarşı tərəfə çox ciddi zərbə vurdu. Beləliklə, Ermənistan bəzi mövqelərini itirdi. Bu hadisə ortaya bir nəticə qoydu ki, Ermənistan ordusunun güc vasitəsilə Azərbaycana təzyiq etmək imkanları demək olar ki, yoxdur. Bu, çox ciddi bir nəticə idi.  Danışıqlardan sonra Ermənistan hərbi təxribatlarla mövqelərini gücləndirmək istəyirdi. Ancaq növbəti dəfə məğlubiyyətlə üzləşdi”.


Politoloq qeyd edib ki, təxribatlara Azərbaycanın cavabı təkcə Ermənistan üçün yox, həm Rusiya, həm də Qərb dünyası ciddi bir dərs oldu: “Biz bunu 26 noyabrda Soçidə keçirilən görüşdə də gördük. Bu görüşdə imzalanan 26 noyabr Bəyanatından əlavə olaraq bəzi məsələlər şifahi şəkildə razılaşdırıldı. Qısa zaman kəsiyində gördük ki, Ermənistan verdiyi sözlərin arxasında dayanmaq istəmir. Demək olar ki, özünə olan etimadı tamamilə itirdi. 16 noyabrda Azərbaycan-Ermənistan toqquşmasının nəticəsi olaraq Brüssel görüşlərində Azərbaycanın maraqlarına uyğun çox ciddi nəticələr ortaya qoyuldu. Avropa İttifaqının anidən ədalətli yanaşma prinsipi ilə çıxış edərək, Azərbaycanın haqqını tanıma cəhdlərini nümayiş etdirməsi 16 noyabr toqquşması ilə bilavasitə əlaqəlidir. Artıq dünya güclərinə bəlli oldu ki, Ermənistanın yanında olmaqla Azərbaycanı ədalətli mövqeyindən zərrə qədər geri çəkmək mümkün olmayacaq. Onlar bir daha əmin oldu ki, Azərbaycan tək deyil. Qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır. Belə bir güc Avropa İttifaqı kimi dünya güc mərkəzində də oturuşmuş fikir formalaşdırıb. Bu səbəbdən onlar Azərbaycanla düşmənçilik yerinə əməkdaşlıq edib, regionda öz təsir imkanlarını artırmağa qərar verdilər. Zənnimcə, bunun təsirləri yaxın zamanda görünəcək. 

İl sonunda Türkiyə dövlətinə qarşı iqtisadi maliyyə təxribatlarını müşahidə edirik. Bu kontekstdə Türkiyə dövləti çox strateji  bir qərar verdi. Türkiyə 70-80 il mövcud olan iqtisadi sistemindən tamamilə imtina edib, yeni iqtisadi sistemə keçdiyini bəyan etdi. Hesab edirəm ki, bunun meyvələrini gələn ilin birinci rübünə qədər görəcəyik. Bu qərar güclənən Türkiyəni daha da irəli aparacaq. Türkiyənin belə bir sistemə keçməsinin töhfəsindən həm region, həm də Azərbaycan bəhrələnəcək.

Ədalət yerini tapacaq

17 dekabrda Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradıldı. Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib. Bu, ədalətin gec də olsa yerini tapması üçün növbəti şansdır. Bu addım Azərbaycan hakimiyyəti adına müsbət hadisədir”. 


Politoloq İlqar Vəlizadə 2021-i belə qiymətləndirib: “İlk hadisə kimi 11 yanvar tarixində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşü qeyd edə bilərik. Bu hadisə regionda gedən prosesləri müəyyənləşdirdi və istiqamət verdi. Soçi və Brüssel görüşlərini bu formatın uğurlu davamı kimi nümunə çəkə bilərik. 

Növbəti vacib hadisə 12 noyabrda İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşüdür. Bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdımühəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər. Həmin gün vacib hadisə olub. Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilib”. 


İ.Vəlizadə əlavə edib ki, çox mühüm hadisələrdən biri də iyunun 15-də Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanmasıdır: “Bu bəyannamə ilə  Azərbaycan və Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. Beləliklə, biz rəsmi olaraq müttəfiq dövlətlər olduq. Bu bəyannamənin həm siyasi, həm də iqtisadi əhəmiyyəti var. Biz artıq hərbi-siyasi müstəvidə açıq şəkildə əməkdaşlıq edib, bir-birimizi legitim formada dəstəkləyə bilərik. Buna artıq hüquqi baza var. Bu bəyannamə həmçinin iqtisadi inteqrasiyaya yol açacaq. 

Digər mühüm hadisə isə Türkiyə ilə Azərbaycan arasında 1 sentyabrdan etibarən viza rejiminin ləğv olunmasıdır”.

Politoloq Cümşüd Nuriyev vurğulayıb ki, 2021-ci ilin ən rezonanslı hadisələrindən biri yanvarın 11-də imzalanan üçtərəfli bəyanatdır: “Həmin bəyanat konkret olaraq Zəngəzur dəhlizinin açılması üçün ilk hüquqi əsası yaratdı. Bu, çox mühüm məsələdir. 

Azərbaycan xarici siyasətinin şah əsəri

İkinci vacib hadisə Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bu, birgə tərəfdaşlıqla bağlı çox önəmli bir hadisə idi. Artıq sözdə yox, hüquqi müstəvidə “bir millət, iki dövlət” olduq. Mən bu hadisəni Azərbaycanın xarici siyasətinin şah əsəri hesab edirəm. 


Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılması və Türkiyə Prezidentinin ilk dəfə təyyarə ilə Qarabağa səfəri də əhəmiyyət kəsb edən olaylardan biridir. Azərbaycan dövləti 9 ay ərzində operativ formada keyfiyyətli iş ortaya qoyub, bu hava limanını təqdim etdi. 

Rezonans doğuran digər məsələ Azərbaycanın müstəqillik tarixinin 30 illiyinin qeyd olunmasıdır. 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü də mühüm hadisədir. Şuranın beynəlxalq qurumu elan olundu və ora qoşulmayan dövlətlərdən də üzv olanlar ortaya çıxdı. Bu hadisə yeni dünya nizamının formalaşmasının əsasını qoydu. Burada təkcə türkdilli dövlətlər iştirak etmir. Macarıstan bu təşkilata üzv olub, Rusiyanın marağı var, İran, İraq və digərləri də qoşula bilər. Beləliklə, “Turanın doğuşu” rəsmiləşdi”. 

O, 16 noyabr təxribatından Azərbaycanın peşəkar formada istifadə etdiyini deyib: “Biz şəhidlər versək də Azərbaycan növbəti dəfə hərbi gücünü, qüdrətini göstərdi. Həmin döyüşün nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan arasında üçüncü dəfə üçtərəfli bəyanat imzalandı. Bu bəyanatda ilk dəfə olaraq “Dağlıq Qarabağ” və ya “münaqişə” sözləri işlənmədi. Bundan əlavə, kommunikasiyaların açılması ilə bağlı ümumi razılıq əldə olundu. Sərhədlərin delimitasiya və demarkasiyası gündəmə gəldi. Sülh müqaviləsi üçün baza şərtləri razılaşdırıldı. 


Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Eyni zamanda Fransa ilə də belə bir görüş baş tutdu. Burada Azərbaycanın 2021-ci ildəki siyasi uğuru gündəmə gəldi. İlah Əliyevin uğurla yürütdüyü xarici siyasət öz səmərəli nəticəsini verdi. Avropa İttifaqı bu günə qədər bizə ikili standartlarla yanaşırdı. Ancaq bu görüşdə Azərbaycanın maraqlarına uyğun hərəkət etdi. Bu görüş Azərbaycan xarici siyasətinin uğurlu bir əsəri kimi qeyd oluna bilər.

İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə idarəçiliyinin kuliminasiya nöqtəsi 2021-ci il olub. Düzdür, biz 2020-ci ildə zəfər qazandıq. Ancaq o zəfəri əldə saxlamaq, qazanmaqdan daha çətindir. Azərbaycan Prezidenti həm informasiya sahəsində, həm də idarəetmədə tapıntılı siyasət, buna böhranlı şəraitdə evristik idarəetmə də deyilir ki, onu həyata keçirməyi bacardı. Həm Azərbaycanı dünyada uğurla təmsil etdi, həm də bəzi qonşu dövlətlərə çox sərt bəyanat verdi”. 


Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, “2021-ci ilin ən vacib siyasi hadisələri” dedikdə daxili siyasət yada düşür: “Burada postmüharibə dövründə bizim üçün əhəmiyyətli, tarixi günləri yaşadıq. Xüsusilə, Şuşa bəyannaməsini vurğulamaq istərdim. Azərbaycan və Türkiyə liderləri arasında imzalanan bu bəyannamə tarixi önəm kəsb edən əlamətdar hadisə idi. Təsadüfi deyildi ki, İlham Əliyev bu bəyannaməni Qars müqaviləsi ilə müqayisə etdi. Biz Qars müqaviləsi ilə Naxçıvanı qoruduq. Ancaq Şuşa Bəyannaməsi ilə Azərbaycanın gələcək təhlükəsizliyi ilə bağlı mühüm addım atmış olduq. 

Ermənistanın qarşısında qoyduğumuz tələblərin bir-bir irəvan tərəfindən yerinə yetirilməsi də ilin çox vacib hadisələri idi. Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşlər hələ də davam etməkdədir. Bu görüşlər qəbul edilən razılıqların icrası ilə bağlıdır. 

Beynəlxalq təşkilatlar mövqeyimizi tanıdı

Digər önəmli hadisə kimi həm Avropa İttifaqının, həm də NATO-nun Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini qeyd edə bilərik. Eyni zamanda hər iki təşkilatın yeni postmüharibə reallığını qəbul etməsini vurğulaya bilərik”.  


O qeyd edib ki, 2021-in demək olar ki, hər bir günü bizim üçün əlamətdar olub: “Füzuli Hava Limanının açılışından tutmuş, Prezidentin işğaldan azad edilən ərazilərəmizə səfərləri, oradakı bəyanatları, açılan mühüm infrastruktur layihələri və s.

Dünya miqyasında isə 2021-ci il Ukrayna və Rusiya münasibətləri fonunda çox gərgin keçdi. Müharibənin başalama ehtimalı olan vaxtlar da oldu. Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi və ABŞ-ın oranı tərk etməsini qeyd edə bilərik. Bu, dünya miqyasında mühüm hadisələrdən biri idi”. 

Siyasət şöbəsi