DİM iclas keçirdi: "İmtahan sualları..."
    • 11-01-2022, 16:38
    • 355

DİM iclas keçirdi: "İmtahan sualları..."

Abituriyentlər kimya fənni üzrə bəzi imtahan suallarına cavab verməkdə çətinlik çəkib.

News24.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzində keçirilən ingilis dili, Azərbaycan dili və kimya fənləri üzrə işçi qruplarının iclaslarında bildirilib.

İngilis dili və Azərbaycan dili fənləri üzrə işçi qruplarının iclasında gündəlik məsələ onlayn sınaq imtahanı üçün tapşırıqların müzakirəsi olub. Müzakirələrdə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının uyğunluğuna diqqət yetirilib.

Kimya fənni üzrə işçi qrupun iclasında isə gündəlik məsələ 2021-ci ildə keçirilmiş IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları və mövzulara uyğunluq baxımından təhlili olub. Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib. Bildirilmiş qeyd və təkliflər test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.

İşçi qruplarının növbəti iclasları 17-18 yanvarda olacaq.