Tezliklə Qarabağa vətəndaşların KÖÇÜ BAŞLAYIR – Nazirlik rəsmisi AÇIQLADI
    • 17-01-2022, 16:24
    • 1 324

Tezliklə Qarabağa vətəndaşların KÖÇÜ BAŞLAYIR – Nazirlik rəsmisi AÇIQLADI

“Ötən ilin aprel ayında ölkə başçısının iştirakı ilə Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı  kəndlərini birləşdirən ərazidə “ağıllı kənd” layihəsinin təməlqoyma mərasimi keçirilib. 9 aya yaxın müddət keçməsinə baxmayaraq, artıq ilk “ağıllı kənd”in tikintisi başa çatmaq üzrədir. Yaxın zamanlarda əhalinin Ağalı kəndinə köçü prosesinə başlanılacaq. Bu kənd azad olunan ərazilərə qayıdışın ilk mərhələsi olacaq”. 

Bunu News24.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov deyib.


O bildirib ki, Ağalı kəndi müasir şəhərsalma standartlarının ən mühüm nailiyyətlərindən istifadə etməklə qurulur: “Artıq kənd sakinləri arasında peşə təlimləri keçirilir, onların ixtisasları müəyyənləşdirilir.

Həmçinin ötən ilin oktyabr ayında dövlət başçısının iştirakı ilə Füzuli rayonunun Dövlətyarlı kəndində ikinci “ağıllı kənd”in təməlqoyma mərasimi keçirildi. Orada da kəndin salınması prosesinə hazırlıq işləri gedir. Bununla bağlı qiymətləndirmə və monitorinq həyata keçirilir. Tikinti prosesinə yaxın günlərdə start veriləcək”. 



Nazirliyin rəsmisi qeyd edib ki, azad olunan ərazilərdə aparılan tədqiqatlar zamanı məlum olub ki, 150 min hektara yaxın əkinə yararlı torpaq var: “300 min hektardan artıq heyvandarlıq üçün istifadə oluna biləcək örüş, otlaq və yaylaq yerləri var. Həmin ərazilərin xəritələşməsinin praktik nəticəsi ondan ibarətdir ki, biz ötən ilk dəfə olaraq təsərrüfatları əvvəlcə Kəlbəcərə, daha sonra isə Laçına köçürə bildik. İyun ayının sonlarında arıçılıq təsərrüfatlarını köçürdük. Arıçılıq təsərrüfatlarında daha az insan fəaliyyət göstərdiyi üçün bu sahəni seçdik. Maksimum burada 3 nəfər çalışır. İnsanların sayının daha çox olması mina təhlükəsi risklərini artırır. 

Laçın ərazisində yaylaqların ərazisi və risklər dəyərləndirildikdən sonra 14 təsərrüfatın köçürülməsinə icazə verildi və nəticə etibarilə prosesi başa çatdırdıq. Kəlbəcərli arıçılar bu il bal satışından kifayət qədər gəlir əldə etdilər”. 

O, 2022-ci ildə icrası nəzərdə tutulan işlərdən də danışıb: “Cənab Prezidentin göstərişinə əsasən, azad olunan ərazilərdə payızlıq əkin həyata keçirilir, yazlıq əkinlər üçün isə hazırlıq prosesi reallaşır. Taxıl əkini artıq aparılıb. Qarğıdalı, günəbaxan, tütün və pambıq əkini ilə bağlı sahələr və həcmlər müəyyənləşib. Bu, bizim 2022-ci ildə əsas işimizdir. Məqsədimiz aprel ayının sonlarından təsərrüfatların köçürülməsini təmin etməkdir. Bununla bağlı çox güman ki, mart ayında qərar veriləcək. Təxminən 5 milyona yaxın heyvanın azad olunan ərazilərə köçürülmə ehtimalı var”. 

Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev