“O videolar üzə çıxsa, heç bir valideyn uşağını MƏKTƏBƏ QOYMAZ” - Kamran Əsədov - MÜSAHİBƏ
    • 25-01-2022, 18:07
    • 6 776

“O videolar üzə çıxsa, heç bir valideyn uşağını MƏKTƏBƏ QOYMAZ” - Kamran Əsədov - MÜSAHİBƏ

Son günlər orta  məktəblərdə baş verən neqativ faktlar, şagird-müəllim davranışlarına xələl gətirən, təhsil ocaqlarının nüfuzuna kölgə salan görüntülər cəmiyyətimizdə ciddi narahatlığa səbəb olub. 
Belə videolardan daha biri dünən yayıldı.  Görüntülərdə məktəblərin birində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkətləri, özbaşınalığı əks olunub.  
Hərçənd, Təhsil Nazirliyi bu videonun Azərbaycanda baş verməsinin təsdiqini tapmadığını açıqladı. 


Amma təhsil ekspertləri artıq SOS vəziyyətinin yarandığını və bu yöndə ciddi tədbirlər görülməsinin vacib olduğunu düşünürlər.


News24.az onlardan biri – Tədris Xidmətləri Mərkəzinin rəhbəri, ekspert Kamran Əsədovla həmsöhbət olub. 
Onunla öncə məlum videodan danışdıq: 

-    Bu hadisənin hansı məktəbdə baş verdiyini biz də araşdırırıq. Müəllimin, uşaqların üst geyimini nəzərə alsaq, güman ki, bu hadisə KSQ (Kiçik Summativ Qiymətləndirmə) yazılan ərəfədə, yəni iki-üç  həftə öncə baş verib. Ümumiyyətlə, bizi də çox məyus edən, xoş olmayan bir hadisədir. Çox ciddi şəkildə narahat olduq. Bu tip hadisələr təhsili, Azərbaycan müəllimini daha da nüfuzdan salır. 
Bu gün Azərbaycan müəlliminin sinfi idarə eləməsi üçün heç bir hüququ, səlahiyyəti yoxdur. Bu da yekunda tədrisin keyfiyyətini çox sürətlə aşağı salan bir amilə çevrilib. Kəsəsi, müəllimin təsir mexanizmi yoxdur. Təbii ki, biz təsir mexanizmi deyəndə fiziki təzyiqi demirik. Onu birmənalı şəkildə istisna edirik.  Amma bəzi uşaqların sinifdə saxlanılması mexanizmi işlənməlidir. Doğrudan da, elə uşaqlar var ki, onlar məktəbə elm dalınca gəlmirlər. Bu, birmənalıdır. 

Düzdür, burda müəllimin peşəkarlığı da önəmlidir. Bu video göstərdi ki, müəllim təcrübəli, yaşlı olsa da, peşəkarlığı aşağıdır. Eləcə də, uşaqlar hər hansı cəza alacaqlarından qorxmurlar, ehtiyatlanmırlar. Yenə də deyirəm, fiziki cəzanı nəzərədə tutmuram. Yəni onlar bu davranışlarına görə məktəbdən azad edilə bilərlər. Təəssüf ki, Azərbaycanda şagirdlər heç bir halda məktəbdən qovulmurlar.

Amma düşünürəm ki, bu, tətbiq edilməlidir. Düşünürəm, biz qanunvericiliyə dəyişklik etməliyik. Həqiqi əsaslar, yəni öncə əmin olmalıyıq ki, bu, həqiqi əsasdır, tədrisin gedişinə mane olur,  məlum videodakı kimi davranışlar var, o zaman qəti addımlar atılmalıdır. Biz onu da araşdıracağıq ki, bu, dərs prosesindədir, yoxsa, dərsdən sonra baş vermis hadisədir.  Ola bilər, müəllim uşaqları dərsdən sonra saxlayıb, yaxud hazırlıq müddətidir. Bu haqda dəqiq fikri daha sonra deyəcəyik. Amma ümumiyyətlə, bu videonu görəndən sonra məndə çox böyük ruh düşkünlüyü yarandı.
Yalnız bu video deyil, son zamanlar şagirdlərin bağçada və məktəbdə döyülməsi məsələsi aydın şəkildə göstərir ki,  təhsillə bağlı proseslərin nəzarət mexanizmi itib.

- Yəni son zamanlar müəllimlərin ard-arda qınaq hədəfi olması onları gücsüz, önəmsiz birinə çevirib…


-  Bu məsələdə müəllimlıərin özünün də böyük günahı var. Əlbəttə, mən də bilirəm, müəllimlərin maddi vəziyyəti daha yaxşı olmalıdır. Eləcə də, çox amillər var, çox səbəb sadalamaq olar. Amma əsas görünən oldur ki, müəllimin peşəkarlığı çox aşağıdır. Tədris prosesinin təşkilinə peşəkar səviyyədə yanaşma yetərli deyil. Yekunda belə xoşagəlməz halların olması qaçılmazdır. Məllimin nüfuzunu bərpa etmək asan olmayacaq.

-  Bəs, təhsil eksperti kimi, ən qısa və təsirli yol nədir, sizcə?


-  Bizim bununla bağlı fəaliyyət planımız var. Mən onlardan yalnız bir qismini mətbuata açıqlaya bilərəm. Çünki bu, bizim beyin məhsulumuzdur. Bunun üçün biz hər il  müəllimləri yoxlamalıyıq. İkincisi, təhsil qanunvericiliyində dəyişiklik eləməliyik və şagirdlərin sərt cəzalanma metodu tətbiq olunmalıdır.  Sinifdə saxlamaq, məktəbdən xaric edilmək və s. Eləcə də, bütün məktəblər valideynlərin izləyə biləcəyi səviyyədə kamera ilə təmin olunmalıdır. Valideynlər asanlıqla kənardan uşağının dərsdə, sinifdə, koridorda özünü aparmasını izləyə bilməlidir.
Digər tədbirlər isə məsuliyyətin artırılması ilə bağlı olmalıdır. Bizim bununla da bağlı çox böyük təkliflər paketimiz var. İnanın, prosesin nizama salınması, neqativ halların aradan qaldırılması üçün 4 həftə yetərlidir.

- Yəni bu qədər qısa müddətdə nəticə əldə etmək mümkündür, deyirsiniz?

- Bəli. Bununla müəllimin nüfuzunu da qaldıra bilərik, xoşagəlməz olayların qarşısı da alınar. 

- Bu təkliflər paketinizi Təhsil Nazirliyinə təqdim eləmisiz?

- Çox yerə vermişik. Amma bundan sonra təqdim etmək fikrimiz yoxdur. 

- Niyə? Maraqlanmırlar, önəmsəmirlər, yoxsa?


-  Yox, baxırlar. Sadəcə, öz adlarına çıxırlar. Bu bir yana, bu qədər fəaliyyətimizə görə Allahın bir quru təşəkkürünü belə eləmirlər. O üzdən biz də düşündük ki, ciddi səviyyədə ehtiyac olarsa, o zaman həmin fəayyət planını ortaya çıxaraq. İndiki halda yox. Çünki kimsə öz isti kabinetində, yumşaq kreslosunda oturub gözləsin ki, biz təkliflər verəcəyik, belə olmur. Ondan sonra da onlar özlərini ağıllı hesab edəcəklər.

-  Kamran müəllim, bu “biz” dediyiniz kimlərdir? 

- Mənim Təhsil Xidmətləri Araşdırma mərkəzim var. Burda təhsilin xidmətləri üzrə işləyən 16 nəfərlik komandam var. O üzdən bütün xidmətlər üzrə təkliflər paketi hazırlamışıq.

-  Nazirliyin yanında İctimai Şura da fəaliyyət göstərir. Bəs, onlarla münasibətiniz necədir?

-  Dediyiniz o İctimai Şura mənasız bir qurumdur. Ona seçkilər keçirdilər,onların necə seçildiyini də gördük, fəaliyyət proqramlarını da…

-  İctimai Şura üzvləri ilə görüşüb fikir mübadiləsi aparmısız? Niyə elə hesab edirsiniz ki, onların fəaliyyəti yoxdur?

-  Bir neçəsi ilə fərdi qaydada görüşümüz, söhbətimiz olub. Amma ümumu İctimai Şura ilə nə əməkdaşlıq eləmək fikrim var, nə də fəaliyyətlərini qənaətbəxş hesab edirəm. Onlar bizdən daha ağıllı, daha bilikli sayıldıqları üçün seçiliblər. Buyursunlar, vəziyyətdən çıxsınlar.

-  Sizi ora seçmədikləri üçün belə inciksiz? Bu səbədən onlarla işbirliyinə getmək istəmirsiz?

-  Yox, qətiyyən... İncimək məsələsi deyil. Məsələn, Milli Məclisin Elm və Təhsil Komissiyası “Ali təhsil haqqında” Qanunu mənə göndərdi ki, buyurun, fikirlərinizi yazın. Mən də 25-dən artıq təklif və irad yazdım. Onlar da bununla bağlı təşəkkür elədilər. Dedilər ki, çox sağ olun ki, beyninizin məhsulunu bizə verdiniz. Dəfələrlə Təhsil Nazirliyinə, digər dövlət qurumlarına təkliflər yollamışam. Amma bir nəfər durub deməyib ki, çox sağ olun. Bunu İctimai Şuradan da gözləyirdim. Ən azından Təhsil Araşdırmalar Mərkəzinin rəhbəriyəm. 2 orta məktəb, 2 ali məktəb üçün kitabın müəllifiyəm. Ali təhsilin bakalavr, magistratura, doktorantura pilləsini bitirmişəm. Etika deyilən bir şey var da... Futbolu dönərsatana oynatmırlar axı... 

Hər halda, o İctimai Şuraya daxil olanların səhifələrinə baxın, görün, onlardan hansının təhsillə bağlı bir-iki yazısı, yaxud statusu olub?! Bu Şura təhsilin ictimai nüfuzunu qaldırmalıydı... Yenə deyirəm, nə incikliyim var, nə ehtiyacım. Belə götürsək, o yöndə fəaliyyətə vaxtım da yoxdur.
Bu gün təhsilin nüfuzunun düşdüyünü hamı görür. Kimsə bunu qaldırmalıdır axı... 
Amma ora seçilənlərdən biri durub MSK-nın keçirdiyi seçkiyə “saxtadır” deyə etiraz edir, sonra özü İctimai Şuraya saxta yolla seçilir, bəh-bəhlə təbrik qəbul edir. Necə olur, MM-ə seçiləndə o seçkini saxta adlandırırsan, amma İctimai Şuraya saxta yolla seçiləndə susursan, deyirsən, mən seçildim. Adamda abır-həya olsa, yaxşı olardı. O seçkidə yeganə şəffaf olan o bülleten qutusuydu. 

- İctimai Şurayla münasibətinizi anladım, bəs, təhsil nazirinin özü ilə bu haqda  söhbətiniz olub?

- Bilirsiniz, məsələ ondadır, bizdə hər şeyə fərdi qaydada yanaşırlar.  Əslində, təhsil Kamran Əsədovun işi deyil. Belə götürsək, orta məktəblərdə təhsilin aşağı səviyyədə olması mənim işimə yarayardı. Çünki mənim özəl kursum, uşaq bağçam var. İnsanlar orta məktəblərdə normal təhsil ala bilməyəndə mənim müəssisəmə üz tuturlar. Azərbaycanda normal ali təhsil ala bilməyəndə xarici təhsilə üz tutacaqlar, mənim xarici təhsil şirkətim var. Yenə də bu, mənə sərf edir. Kəsəsi, mən ölkədə repetitoram. Təhsil zəif olsa, mən özəl dərs keçib pul qazana bilərəm. Amma mən hər dəfə kursları, repetitor təhsilini tənqid edəndə, deyirlər, özü repetitordur, kursu var, bağçası var, amma tənqid edir.

Mən məsələni şəxsiləşdirmirəm. Nazirlikdə isə bir çox məsələləri şəxsiləşdirirlər. Şəxsiləşdirəndə də ortaya belə bir vəziyyət çıxır. İnanın, məktəblərlə bağlı elə videolar var ki, hazırda onlar rəsmi şəxslərin əlindədir. O videolar üzə çıxsa, heç bir valideyn uşağını məktəbə qoymaz. Məktəblərlə bağlı elə qeyri-etik videolar var ki, şagird-müəllim, müəllim-müəllim, şagird-şagird və digərləri... Nə Braziliya, nə də türk seriallarında elə hadisələr yoxdur. Yəni dediyim odur, bu, komanda işi olmalıdır. Bu gün biz baş verən hadisələrdə Təhsil Nazirliyinin yetərli qədər rolunu görmürük. Yazıq təhsil naziri özü "Feysbuk"da canlı yayım açır, sualları cavablayır. Soruşmaq istəyirəm, onun 9 müşaviri var, onlar hardadır? 3 müavini var, onlar ancaq açılış lenti kəsməyəmi gedirlər? Bax, problem baş verəndə biz onları görmürük. Onlar ictimaiyyətə açıqdılarmı? Yox. Ancaq mənimlə şəxsi münasibətlərlə danışırlar. Ancaq şəxsi münasibətlərlə. Mənə şəxsi münasibət lazım deyil. Ən pis halda, mənim 3 qızım var, onları da götürəcəm, evimi satıb gedəcəm xarici ölkələrdən birinə, qızlarıma təhsil verəcəm. Bəs, Azərbaycan təhsili? Dərsliklər bu gündə, məktəb idarəçiliyi bu gündə, şagirdlər bu gündə... Yenə də deyirəm, məsələ şəxsi deyil. Bugünki video bilirsiniz nə deməkdir? Bu dəhşətdir!

Bu artıq “biz hara gedirik” yox, “harasa gedib çatmışıq” məsələsidir. Bəziləri deyir, uçuruma gedirik. Xeyr, biz artıq ora düşmüşük.
Bugünki təhsil ciddi islahat istəyir. O islahat artıq gecikir. Sabah artıq gec olacaq. Tarixlə baxsaq, 26 yanvar, artıq gecdir deməkdir. “Titanik” gəmisi kimi batır artıq. Bu batan gəmidə heç olmazsa daha çox adamın xilas olmasına çalışmalıyıq.
Yenə deyirəm, məsələ İctimai Şurada deyil. İnanın ki, təhsil bir qram da onların marağında deyil. Onlar daha çox reklam olunmaq istəyirlər. Soruşmaq iatəyirəm, bax, Kamran Əsədovu qoyduq bir kənara. O İctimai Şurada niyə Elçin Əfəndi yoxdur? Bütün ictimaiyyətin suallarını cavablandıran odur. Onun adı həmin siyahıya salınmayıb. Nə var, nə var, siyahı müəyyənləşdirənlərin o admala münasibəti olmayıb? Niyə Nadir İsrafilov yoxdur? Ömrünü təhsilinin inkişafına həsr edib. Eləcə də, Şahlar Əsgərov niyə yoxdur?
Orda olanlara baxın! Bu təhsil sahəsidir, Kənd Təsərrüfatı Nazirliyi deyil. İnanın, onların hamısı siyahı ilə seçilmişdi. 

- Bəs, sizcə, kim seçib o  adamları?


- Orda bir oyun gedirdi, oyun oynayanın özünə də oyun oynadılar. Burda oyunlar çoxdur, çox məsələlər var. 

-  Siz o seçkinin nəticələrindən sonra təşəkkür elədiniz. Niyə təşəkkür edirdiniz onda? 

-  Mən orda olanlardan yalnız Etibar müəllimi tanıyıram. O da deputatdır, ona görə. Amma o birilərin fəaliyyətini tanımıram.O təşəkkürü də ona görə elədim ki, yəni yaxşı səhnə idi. Maraqlı idi.

-  “Ezop dilin”də təşəkkür etməkdənsə, qalxıb etirazınızı da bildirə bilərdiniz, Kamran müəllim?

-  Əslində mənim təşəkkürümün özü bir etiraz idi. Düzdür, sözümü dedim. Amma bilirsiniz, axın gəlir və o eskalatorun aşağı enən pilləkəni ilə yuxarı qalxmaq axmaqlıqdır. Mənim orda etiraz eləməyim heç nəyi dəyişməyəcəkdi. Orda səs verənlər arasında mənim tələbələrim də vardı. Onlar gedirlər, əllərində telefon. Telefona baxırlar və bülleteni işarələyib çıxırlar. Təbii ki, sən onun səsvermə hüququna müdaxilə edə bilməzsən. Sonra elə o tələbələrim də mənə dedilər ki, müəllim, bizə adlar vermişdilər ki, gedin, onların qabağına işarə qoyun, çıxın. Telefonda “Vatsap”a yazmışdılar ki, bu adamlara səs verin. Biz nə deyə bilərik? Yəni bizə təşəkkür eləmək, uğur arzulamaq qalırdı. 
Ona görə nə icmirəm, nə küsmürəm. Sadəcə,istəyirdim o təkliflərin həyata keçirilməsinə bir addım yaxın olaq. Yenə də yaxınam, nazirə, müavininə yazıram.  Amma hiss elədim ki, maşının 4 təkəri var. 5-ciyə ehtiyac yoxdur. Yaxud əldə 6-cı barmaq eybəcər görünəcək. O mənada biri səni sevmirsə, ona özümüzü sırımayacağıq ki...

Nazirlə birbaşa münasibətimə gəlincə, o, şəxsi münasibətdir. Başqa məsələlərdə bu, rol oynamır, oynaya da bilməz. Mənim bu haqda ona nəsə deməyim də etik çıxmaz. Nazir əla insandır. Amma mən düşünürəm, komandası tam deyil. Özünüz də görürsünüz, belə vəziyyətlərdə müdaxilə edə bilmir. Əgər bədən xəstədirsə, ona bir plastr yapışdırmaqla, yaxud bir barmağı müalicə eləməklə olmur.
Məsələn, olimpiada əladır. Azərbaycan uğurlar qazandı. Amma tutaq ki, DİM mart ayına imtahan salıb. Şagird martda imtahan verəndən sonra niyə məktəbə getsin ki? Yaxud mən proqramı bitirməmişəmsə, məni niyə yoxlayırsınız? Təhsil Nazirliyi bununla bağlı bir reaksiya verə bilib? Sualları cavablaya bilib?!

Bilirsiz, bu nəyə oxşayır? Elə bil, siz yemək bişiriisiniz, bişməmiş sizin əlinizdən alırlar və deyirlər ki, bu nə yeməkdir, bişirmisən?
Bununla bağlı standartlar var. Bu standartları Təhsil Nazirliyi özü yazıb. Şagirddə bilik və bacarıqlar tədris ilinin sonunda formalaşır. Əgər sonda formalaşırsa, bunu ortada niyə yoxlayırsan? Bununla bağlı DİM məni çağırdı. İradını bildirdi, qərarını əsaslandırdı. Amma nazirlik bununla bağlı nə addım atdı? Söhbət şəxsi münasibətdən getmir axı… Gəlin oturaq, müzakirə edək, həlli yollarını arayaq.
Mənim rəhbərlik etdiyim qurum hüquqi şəxsdir. Təsir mexanizmim yoxdur. Bəs, o boyda qurum hanı? Təhsil Nazirliyi hardadır bəs?!

Rəna CUMAQIZI