Azərbaycanda qumar oynayan şəxslər arasında QANLI DAVA – PULA GÖRƏ
    • 27-01-2022, 13:01
    • 1 219

Azərbaycanda qumar oynayan şəxslər arasında QANLI DAVA – PULA GÖRƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində oktyabrın 20-də axşam saatlarında Şəmkir şəhəri Səməd Vurğun küçəsində 1988-ci il təvəllüdlü Rəsulov Orxan Yusif oğlunun qonşusu 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğlu tərəfindən bıçaqlanması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə açılmış cinayət işinin istintaqı zamanı hadisənin çayxanada qumar oynayarkən baş verdiyi məlum olub.

Belə ki, Fəxri, Orxan və daha bir neçə nəfər çayxanada əvvəlcə nərd, sonra isə kart oynayıblar. Daha sonra kart oyununun nəticələrinə görə içdikləri çayın ödənişi üstündə münaqişə baş verib. Münaqişə zəminində Orxan Fəxrini söyüb. Fəxri isə əvvəlcə qolunda gizlətdiyi dəmir boru ilə, daha sonra isə bıçaqla Orxana hücum edərək zərbələr endirib.

Hadisədən sonra qaçan Fəxri Əhmədov noyabrın 7-nə kimi müxtəlif yerlərdə gizlənərək polisə təslim olmayıb. Nəhayət tutulacağını anlayan gənc təslim olub. O, məhkəmədə Orxanı qəsdən öldürmək fikrinin olmadığın, ona sadəcə münaqişə zəminində xəsarət yetirdiyini bildirib.
Orxan Rəsulov da artıq Fəxrini bağışladığını, onunla barışdığını deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin qəsdən adam öldürməyə cəhddə deyil, qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum edilməsinə qərar verib. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.