Dərsi pozan şagirdlər valideynləri ilə birlikdə POLİSƏ VERİLƏCƏK? - Rəsmi AÇIQLAMA
    • 31-01-2022, 17:39
    • 945

Dərsi pozan şagirdlər valideynləri ilə birlikdə POLİSƏ VERİLƏCƏK? - Rəsmi AÇIQLAMA

Məktəblərdə intizam qaydalarını pozan şagirdlər ciddi formada cəzalanacaq.

News24.az-a daxil olan məlumata görə, bu barədə məktəblərə göstəriş verilib.

Müəllimlərə verilən məlumatda yer alan bəndlər bunlardır:

1.Gündəliklər yazılı olmalı;
2.Telefon gətirilməməli;
3.Məktəb forması yerində olmalı. Üst sport geyim olmamalı, sadə qara, göy jaket olar (yazısız, şəkilsiz);
4. Kitab, dəftər yerində olmalı;
5.Dərsi pozan, özünü apara bilməyən şagird haqqında akt tərtib olunacaq və valideyni ilə birlikdə polisə veriləcək;

Qeyd olunan tələblərin icrası ilə əlaqədar məktəblərdə nəzarət komissiyaları yaradılacaq.
Komissiyalar aşağıdakı tələbləri icra edəcək:
1. Həftə ərzində bütün siniflərdə 2 dəfə şagirdlərin çantaları yoxlanılacaq. Çantalarında məktəblə əlaqəsiz əşyalar aşkarlanan şagirdlər və onların valideynləri müəyyənləşdirilib, siyahı formasında rəhbərliyə təqdim ediləcək. 

2.Hər səhər şagirdlərin özləri yoxlanılacaq. Məktəbli formasında olmayan şagirdlərin siyahısı hazırlanıb, təqdim ediləcək. 

3. Sinif rəhbərləri dərs prosesinə mane olan şagirdlərin siyahısını komissiyalara təqdim edəcək.

Məsələni dəqiqləşdirmək üçün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq. O, qeyd olunan qərarla bağlı sualımızı belə cavablandırıb: “Bizim tərəfimizdən belə bir göstəriş və ya məlumat yoxdur”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə çətin tərbiyə olunan şagirdlərlə bağlı bir sıra addımların atılacağını deyib: “Dərsdən yayınan və ya dərsi pozan şagirdlərlə bağlı ərazi polis orqanları profilaktik iş təşkil edəcək. Təhsildən yayınan, çətin tərbiyə olunan şagirdlərin dərslərə yenidən qoşulması, valideynlərin övladlarına qarşı laqeyd münasibəti və əlaqədar qurumların müraciətləri üzrə müvafiq işlərin aparılması diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır”.