Şirin Məlikova mükafatlandırıldı - Foto
    • 16-02-2022, 12:57
    • 443

Şirin Məlikova mükafatlandırıldı - Foto

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya İncəsənət və Ədəbiyyat ordeninin Kavaler rütbəsinin təqdim olunması münasibətilə Fransa Səfirliyinin İqamətgahında tədbir keçirilib.

News24.az xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross Ş.Məlikovanın Azərbaycan-Fransa mədəni əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb.

Səfir Şirin xanımın 20 sərginin kuratoru, 11 monoqrafiyanın və müxtəlif məqalələrin müəllifi olduğunu bildirib: “O, həmçinin Şərq xalçaçılıq sənəti üzrə mütəxəssisdir. 2016- cı ildən bəri Bakının ən görkəmli muzeylərdən birinə rəhbərlik edir. Bu yaxınlarda Fransa səfirliyi ilə əməkdaşlıq çərçivəsində önəmli bir sərginin keçirilməsində də iştirak edib”. Zakari Qross Şirin xanım kimi insanların indiki və gələcək nəsillərə mədəniyyətin aşılanması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. Səfir mədəniyyət əlaqələrinə verdiyi  töhfələrə görə Şirin Məlikovaya minnətdarlığını bildirib və sonra ona ordeni təqdim edib.

Şirin Məlikova çıxışında İncəsənət və Ədəbiyyat ordeninin Kavaler rütbəsi ilə təltif olunduğu üçün səfir Zakari Qrossa minnətdarlığını bildirib: “Bu gün Azərbaycan-Fransa əlaqələri yüksək səviyyədə inkişaf edir. Bu işdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mühüm rolu var. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın müxtəlif şəhərlərində mədəniyyətə həsr olunmuş tədbirlər keçirilir və bu artıq bir ənənəyə çevrilib. Fransanın Azərbaycandakı Səfirliyi biz azərbaycanlıları Fransa mədəniyyəti ilə tanış edir, tez-tez müxtəlif tədbirlər təşkil edir. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Luvr muzeyində İslam incəsənətinə məxsus zəngin kolleksiyanın təqdim olunduğu yeni zallar açılıb. Burada Azərbaycana aid nadir mədəni irs nümunələri, o cümlədən xalçalarımız da sərgilənir. 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində bu dəyərli sənət əsərlərindən XVIII-XIX əsrlərə aid üç Azərbaycan xalçası muzeyimizdə “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgidə nümayiş etdirilib”.

Şirin xanım səfirliyin iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfələr verdiyini də vurğulayıb. O, Azərbaycan xalçalarının əsrlər boyu fransalılar tərəfindən yüksək dəyərləndirildiyini, onların Fransa muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanıldığını deyib.

Ş.Məlikova sonda ona təqdim olunan mükafatın iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, Fransa muzeyləri ilə birgə əməkdaşlığın inkişafı istiqmətində bundan sonrakı fəaliyyəti üçün böyük stimul olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, İncəsənət və Ədəbiyyat Kavaleri ordeni bədii, ədəbi sahədə incəsənətə və ədəbiyyata töhfələr verən şəxslərə təqdim olunur.