Novxanıdakı gecə klubunda “Lotu Quli”nin adamının törətdiyi qətlin TƏFƏRRÜATI
    • 21-02-2022, 12:59
    • 1 008

Novxanıdakı gecə klubunda “Lotu Quli”nin adamının törətdiyi qətlin TƏFƏRRÜATI

Abşeron rayonunda yerləşən “Garden Beach” gecə klubunda qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qətl hadisəsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Bəlli olub ki, qətl hadisəsi 2014-cü ilin avqustun 16-da Abşeron rayonu Novxanı qəsəbəsində yerləşəən istirahə mərkəzinin gecə klubunda baş verib. 1990-cı il təvəllüdlü İbrahim Muxtarov Böyükağa Əliyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəyə səbəb isə qız üstündə yaranmış mübahisə olub.

Belə ki, Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, dəfələrlə peşəkar idmançı kimi Azərbaycanda və xaricdə keçirilmiş yarışların qalibi olmuş İ.Muxtarov dostu Xəyalın çağırışı ilə gecə saatlarında həmin kluba gəlib. Kriminal avtoritet “Lotu Quli”nin adamı kimi tanınan və Sumqayıtda “Vəziyyət İbrahim” adı ilə bilinən İ.Muxtarov dərhal özünü həmin yerə çatdırıb. Məlum olub ki, gecə klubunda Xəyalın yanındakı qızlardan birinə digər masada oturan Nicat adlı oğlan biri rəqs etməyi təklif edib. Bundan sonra dava düşüb və mühafizəçilər Xəyalı klubdan çıxarıblar. Ibrahim ora gəldikdən sonra isə Nicat və yanında olan Eldar, Böyükağa və digər şəxslər bayıra çıxıb. Onlar söhbət edərkən İbrahim Nicatı yumruqla vurub.

Böyükağa isə İbrahimə “sən necə avtoritetsən ki, bar qızına görə söhbətə gəlmisən”, deyib. Bundan sonra İbrahim Böyükağaya bıçaqla zərbə endirərək qaçıb. Gənc oğlan aldığı xəsarətlərdən vəfat edib. İbrahim isə gecə ilə Sumqayıtdan çıxıb və gizli yolla Gürcüstana gedib. Bu müddət ərzində o, tanışlarının köməkliyi ilə gizlənib və işləməyə başlayıb, hətta ailəsinin ona tapdığı qohum qızı ilə evlənib. Daha sonra İ.Muxtarov Gürcüstanda yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb. 2021-ci ildə isə İnterpol əməkdaşları onu yaxalayaraq Azərbaycana gətirib.

Məhkəmədə çıxış edən qətlə yetirilmiş gəncin atası İbrahimin özünü kriminal aləm üzvü kimi təqdim edərək özbaşınalıqlar etdiyini, onun yeganə oğlunu öldürdüyünü bildirib. Bu səbəbdən həyat yoldaşının insult keçirərək yataq xəstəsi olduğunu, 7 ildir övladının qanının yerdə qalmasına görə əzab çəkdiyini deyən şəxs qətli törədən şəxsin layiqli cəza almasını xahiş edib.

Təqsirləndirilən İ.Muxtarov isə törətdiyi əmələ görə üzr istəyib və Böyükağanı öldürmək niyyəti ilə onu vurmadığını deyib.

Məhkəmə İ.Muxtarovu “xuliqanlıq niyyəti ilə adam öldürmə” cinayət əməlində təqsirli bilərək 18 il müddətinə azadlıqdan məhrum edib.