“Başımıza gələn müsibətləri heç vaxt unutmamamalıyıq” – Xocalı məktəbində ANIM
    • 23-02-2022, 14:00
    • 398

“Başımıza gələn müsibətləri heç vaxt unutmamamalıyıq” – Xocalı məktəbində ANIM

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

News24.az-ın məlumatına görə, tədbir Ramana qəsəbəsində yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə baş tutub. 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Anar İsgəndərli, ingiltərəli jurnalist, yazıçı, araşdırmaçı İan Pirt, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova, ölkəmizdə təhsil alan əcnəbi tələbələr və digər qonaqlar iştirak edib.

Əvvəlcə məktəbin həyətində 44 günlük Vətən Müharibəsinin şərəfinə 44 ağac əkilib. 

Daha sonra Azərbaycan Dövlət Himni səsləndirib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Təhsil nazirinin müavini Firudin Qurbanov saytımıza təəssüratlarını bölüşüb: “Fevralın 26-da Xocalı soyqırımının 30 illiyi qeyd olunacaq. Hər il biz çox böyük kədər hissi keçiririk. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın dinc əhalisinə ermənilər tərəfindən divan tutuldu. 613 vətəndaşımız qətlə yetirildi. Onların arasında 63 uşaq var idi. 1275 soydaşımız əsir götürüldü. 150 nəfər itkin düşdü. İnsanlığa yaraşmayan bu soyqırımı biz heç vaxt unutmayacağıq. Hər il kədərli aurada bu soyqırımı yad etsək də, bu il artıq qürur hissi keçiririk. Çünki işağalda olan artıq torpaqlarımızı azad etmişik. Şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı soyqırımından sonra nəticələr çıxardıq. Bir çox ölkələr bu soyqırımı tanıdı. Heydər Əliyev Fondunun bu məsələdə müstəsna rolu oldu”.

Nazir müavini qeyd edib ki, Xocalıda fəaliyyət göstərən 14 məktəbin hamısı dağıdılıb. Orta əsrlərə aid tarixi abidələrimiz məhv edilib. Ermənilər Qarabağın onların torpağı olduğunu iddia edirlərsə, niyə tarixi abidələri, məktəbləri və s. dağıdırlar? Bu, onların niyyətlərini, iç üzünü göstərir. Biz yaddaşımızdan bu soyqırımı çıxarmamlıyıq”. 


Millət vəkili Anar İsgəndərlinin fikirlərinə görə, Xocalı soyqırımı Azərbaycan xalqının tarixində və talehində nə birinci, nə də sonuncu hadisədir: “30 il ərzində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlarla tarixi həqiqətləri dünyaya çatdıra bildik. Biz düşmənlə qonşuyuq. Qonşuluq münasibətlərindən imtina etmək mümkün deyil. Ancaq dövlət başçısının da qeyd etdiyi kimi başımıza gələn müsibətləri heç vaxt unutmamamalıyıq. 44 günlük müharibə onu göstərdi ki, xalq bir olanda, haqqını tələb edəndə ona nail olur”. 


“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məktəblərdə Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsini mütərəqqi addım kimi qiymətləndirib: “Uşaqlar faciələri heç bir zaman unutmamalıdır. Ancaq faciələr də uşaqların inkişafına mane törətməməlidir. Əksinə, onları gücləndirməlidir. Hər bir xalqın həyatında faciə var. Biz faciə ilə yaşamaq yerinə ondan nəticə çıxarıb, irəli getməliyik, inkişaf etməliyik. Uşaqlar gələcəyə optimist yanaşmalı, inanmalı və mübarizə aparmalıdır”.

İngiltərəli jurnalist, yazıçı, araşdırmaçı İan Pirt Xocalı faciəsindən çox təsirləndiyini dilə gətirib.


Sonda isə "Sonsuz dəhliz" filminin nümayiş etdirilib.

Qeyd edək ki, fevralın 25-26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək. Bu barədə Təhsil Nazirliyinin "Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.
 
Foto: Nicat Niftəliyev