Bakıda qazilər arasında qanlı dava – Bıçaqla kürəyinə vurdu
    • 24-02-2022, 13:47
    • 1 164

Bakıda qazilər arasında qanlı dava – Bıçaqla kürəyinə vurdu

Ötən ilin 20 yanvar tarixində gecə saatlarında Nərimanov rayonu Maqsud Əlizadə küçəsində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, gecə saat 02:30 radələrində Emin Hüseynovu bıçaqlayan 2001-ci il təvəllüdlü Zaur Babayev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda hökm oxunub. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesin yekununda Zaur Babayev 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hadisəyə gəlincə, araşdırmalarla müəyyən edilib ki, Zaur Vətən Müharibəsində Ziyadxan Əliyevlə dostlaşıb və onlar döyüş yoldaşı kimi ordudan təxris edildikdən sonra münasibət saxlayıblar. Ötən ilin yanvar ayının əvvəlində onlar “Eqoist hotel”də yeyib içiblər və Ziyadxan Zauru dəvət etdiyi üçün o, hesabın Ziyadxan tərəfindən ödəniləcəyini düşünüb. Lakin Ziyadxan restoranı tez tərk etdiyindən Zaur çıxılmaz vəziyyətə düşüb və telefonunu orada qoyaraq restorandan çıxıb. Bundan sonra o, dəfələrlə Ziyadxana zəng edərək görüşə çağırıb, hesabı ödəməyə görə yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışıb. Bu zaman onların arasında mübahisə yaranıb.

Nəhayət qazilər Nərimanov rayonu M.Əlizadə küçəsində gecə saatlarında görüşüblər. Bu zaman Ziyadxanla birgə bir neçə tanışı da olub. Zaur münaqişə zəminində Ziyadxanı bıçaqlamaq istəsə də, ikinci hadisə yerindən yayınaraq və dava-dalaş zamanı Zaur Ziyadxanın dostu Emini kürəyindən bıçaqlayıb. Yaralı dostları tərəfindən 5 saylı şəhər xəstəxanasına çatdırılıb və onun həyatı xilas edilib.