Qusarda polis əməkdaşları məktəblilərlə görüşüblər
    • 2-03-2022, 15:30
    • 1 455

Qusarda polis əməkdaşları məktəblilərlə görüşüblər

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hil kənd tam orta məktəbində  “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib. Karantin qaydalarına uyğun təşkil edilən tədbirdə RPŞ-nin əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, ətraf ərazilərdə yerləşən kənd məktəblərinin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. 

News24.az xəbər verir ki, şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki  Eldar İlyasov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. 

Həmçinin, çıxış edən RPŞ-nin YYÇPİT qrupunun baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.