“Ukraynadakı müharibə Azərbaycanda şəkər tozunun və yağların QİYMƏTİNİ ARTIRACAQ” - Ekspert
    • 10-03-2022, 16:44
    • 2 016

“Ukraynadakı müharibə Azərbaycanda şəkər tozunun və yağların QİYMƏTİNİ ARTIRACAQ” - Ekspert

Ukraynadakı vəziyyətin bu il qlobal ərzaq böhranına səbəb olacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Fransanın kənd təsərrüfatı və ərzaq naziri Julien Denormandi bildirib ki, Aralıq dənizi regionunda bir çox ölkələr Rusiya və Ukraynadan buğda ixracından asılıdır. Bununla bağlı nazir növbəti il yarım ərzində ərzaq böhranının yaşanmaması üçün addımlar atmağa çağırıb.

Azərbaycanda da artıq  şəkər tozu və bitki yağlarına tələbat artıb. 


Məsələni News24.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əsas problem bitki yağları ilə bağlıdır: “Ukrayna dünya bazarında bitki yağları ixracatında lider ölkələrdən biri idi. İndi isə müharibə ilə əlaqədar ixracat tamamilə dayandırılıb. İkinci yerdə isə Rusiya qərarlaşır. Rusiya da öz növbəsində daxili bazarını qorumaq və qiymət artımının qarşısını almaq üçün bitki yağlarının alışına məhdudiyyətlər qoyub. Zənnimcə, ən nəzərəçarpan qiymət artımı bitki yağları, şəkər tozu və buğda ilə bağlı olacaq. Ancaq artım digər sahələrə də təsirsiz ötüşməyəcək. Dünyada da enerji qiymətlərinin artması ilə əlaqədar infilyasiya sürətlənir. Ümumiyyətlə, idxal olunan məhsulların hamısında ciddi qiymət artımı ola bilər”.

Ekspert qeyd edib ki, Azərbaycan buğda ilə bağlı alternativ bazarların tapılması istiqamətində addımlar atmalıdır: “Elə böyük bir seçim də yoxdur. Logistikanı da nəzərə alsaq, ən ağlabatan variant Qazaxıstandır. Çox güman ki bununla bağlı danışıqlar gedir. Buğda ilə bağlı Rusiyadan asılılığımız var. İl ərzində Rusiyadan təxminən 750-800 min ton buğda alırıq. Rusiya ehtiyat yığmaq üçün artıq buğda satışına da məhdudiyyətlər qoyacaq. Rusiyadan gələn buğda azala bilər. Ukraynadan ala bilmirik, çünki satış tamamilə dayanıb.

Bitki yağları ilə bağlı problem isə daha çətindir. Çünki Azərbaycanı bitki yağları ilə təmin edəcək ölkələr uzaqda yerləşir. Latın Amerika ölkələri də bitki yağlarının idxalında və ixracatında önəmli rol oynayır. Amma  onların əsas hədəfi Şimali Amerika ölkələridir: Kanada, Amerika, Meksika və s. Onlardan bitki yağı alsaq, bizə çox baha başa gələr. Günəbaxan və qarğıdalı yağı ilə bağlı ölkəmizdə ciddi problemlər gözlənilir. Artıq dünyada da qiymət artımının şahidi oluruq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iki gün öncə yaydığı hesabatda ərzaq qiymətlərinin 30 faiz bahalaşdığı qeyd olunub. Müəyyən bir qıtlığın yaranma ehtimalı var. Müharibə dayanmayacağı təqdirdə həm dünya iqtisadiyyatına, həm də bölgəmizdə ərzaq məhsulları nöqteyi-nəzərdən mənfi təsirlər olacaq”.