Bakıda inanılmaz fırıldaq – Kirayə yaşadığı mənzili 260 min manata satdı
    • 11-03-2022, 13:07
    • 985

Bakıda inanılmaz fırıldaq – Kirayə yaşadığı mənzili 260 min manata satdı

Bakıda kirayə yaşadığı mənzili saxta sənədlər əsasında satmağa cəhd edən və beh kimi 61 min manat alan şəxs məhkəmə qarısna çıxarılıb.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Ramil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddəsi ilə açılmış işin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb. Bəlli olub ki, Ramil Rusiyada biznes fəaliyyəti ilə məşğul olub, lakin daha sonra borca düşərək Azərbaycana qayıdıb və Neftçilər xəstəxanasının arxasındakı H.Səlmani küçəsində yerləşən yeni tikili binada aylıq 1500 manata kirayə ev tutub. O, daha sonra kirayə qaldığı evin dövlət çıxarışını saxta yolla hazırlayaraq həyat yoldaşının adına olmasını göstərən saxta sənəd hazırlayıb və əmlak alqı-satqısı şirkətində işləyən Oqtay adlı şəxs vasitəsilə mənzili satışa qoyub. Həmin ərəfədə Rusiyada yaşayan və xəstəliyi ilə əlaqədar Bakıya köçən Şücaət adlı şəxs Xətai metrosu Xocalı prospektində mənzil almaq istəyib. Oqtay ona Ramilin saxta sənədlə atmaq istədiyi evi 280 min manat təklif edib və tərəflər evə baxdıqdan sonra onlar 260 min manata razlaşıblar. Bundan sonrakı günlərdə Ramil Oqtayla birlikdə Şücaətdən beh kimi 61 min manat alıblar. Lakin bu müddətdə Ramil evi boşaltmayıb. Sonradan ev sahibi olan Telman adlı polis zabiti evə gəlib və həqiqət ortaya çıxıb. Şücaət aldadıldığını anlayaraq polisə müraciət edib.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi baş vermiş hadisədən sonra Şücaətin vəfat etdiyini bildirib. mərhumun həyat yoldaşı qeyd edib ki, onları əslində Oqtay adlı satış meneceri aldadıb və pulları qəbz vermədən ələ keçirib.

Təqsirləndirilən şəxs də işin Oqtay tərəfindən təşkil edildiyini, pula ehtiyacı olduğu üün ona kirayə yaadığı mənzili saxta sənədlə satmağı və əldə edəcəkləri pulu tezliklə qaytarılacağını, ona cinayət işi açılmayacağını, işin mülki məsələ olduğunu deyib. Lakin bütün bunların Oqtay tərəfindən təşkil edildiyini sübut edən fakt təqdim edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Ramil Babayev 1 ildən artıq həbsdə saxlanması və sair nəzərə alınmaqla 2 il sınaq müdəti təyin edilməklə şərti cəzaya məhkum edilib və martın 3-də məhkəmə salonundan azadlığa buraxılıb.