Bakının 109  yaşlı "Freskalı evlər"i - FOTOREPORTAJ
    • 14-03-2022, 14:13
    • 1 559

Bakının 109 yaşlı "Freskalı evlər"i - FOTOREPORTAJ

Çoxmərtəbəli binaların, göydələnlərinin hər gün sayının artdığı Bakıda çox fərqli, maraqlı iki evdə qonaq olduq. Bu evlərin nə az, nə çox, 109 yaşı var. 
1 əsri arxada qoyan bu tikililər yalnız yaşı yox, içərisinin qeyri-adi bəzəyi, divarlarının maraqlı boyası ilə də görənləri təəccübləndirir. Çünki burada hər tərəf freska ilə naxışlanıb. 

Qeyd edək ki, freska divarda xam mala üzərində çəkilmiş rəsm və ya naxışdır. Həmçinin divar rəsmlərinin əsas texnikası sayılır.

News24.az-ın qapısını döydüyü bu evlər Bakının ən qədim kəndilərindən olan Balaxanıda yerləşir. İlk ünvan Mayılovlardır. Ailə ev tikildiyi vaxtdan bu günədək onu göz bəbəyi kimi qoruyub. Babadan oğula, oğuldan da nəvəyə miras kimi ötürüb. 
Bizi hazırda evə sahiblik edən 73 yaşlı Durmuşəli Mayılov qarşıladı. Həmsöhbətimiz bu evdə dünyaya göz açıb. "Freska"lı evi babasının 1912-ci ildə inşa etdiyini deyir: “Evi öncə atam, sonra da mən olduğu kimi qoruyub saxlamağa çalışmışıq. Divardakı rəsmlərə nə o, nə də mən müdaxilə etməmişik. 73 yaşım var və gözümü açandan evimizi belə görmüşəm”. 



Qeyri-adi evdə xatirələri yada salan evdə pürrəngi çay da bir başqa dadırdı.

Xatirələrin və tarixin izinin qorunub saxlanıldığı növbəti ünvan Rəcəbəli Əbdüləli oğlunun evi idi. Söhbət zamanı öyrəndik ki, bu evin də özülü 1910-cu ildə atılıb. Tam olaraq 1913-cü ildə istifadəyə verilib.
Onu günümüzədək qoruyub saxlayan və yaşadansa Rəcəbəli Əbdüləli oğlunun nəvəsi Üzeyir bəydir. 
Üzeyir bəy deyir ki, bu ev vaxtilə həm də “Güzgülü ev” kimi də tanınıb. Bu ad isə tavanın güzgülərlə bəzənməsi ilə bağlıdır: “Divardakı freskaların rəngi illərlə olduğu kimi qalıb. Hətta evi isidən sobanın üzərindəki rəsmlərin belə rəngi solmayıb. Lakin tavanda olan güzgülər dama tökülən yağış sularına tab gətirmədiyi üçün yerə düşüb. Təəssüf ki, hələ də ki, yerinə qoya bilməmişik”.



Ev sahibi onu da vurğuladı ki, Balaxanıda aparılan təmir-bərpa işləri zamanı evə yağış suyunun damması nəzərə alınaraq dam təmir olunub. 

Fotolar: Teymur Məmmədov