Sahibə Qafarova Ermənistan parlamentinin spikerinin iddialarına cavab verdi
    • 29-03-2022, 14:09
    • 1 245

Sahibə Qafarova Ermənistan parlamentinin spikerinin iddialarına cavab verdi

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına cavab verib.

News24.az xəbər verir ki, Milli Məclisin sədrindən sonra çıxış edən A.Simonyan guya Azərbaycanın atəşkəs rejimini pozması haqqında iddialar irəli sürüb. Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova isə yenidən söz azalaraq, bildirib ki, Ermənistan spikerinin iddiaları həqiqətə uyğun deyil. Azərbaycan Müdafiə Nazirliyi artıq bəyan edib ki, ölkəmizin suveren ərazisi olan Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Milli Məclisin sədri bir daha qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına sadiqdir. Lakin həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.

Spiker həmçinin deyib ki, "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. 

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib. 10 noyabr tarixli bəyanat imzaladıqdan sonra Azərbaycan ərazisinə daxil olan erməni hərbi birləşmələrinin hərbi qulluqçuları Cenevrə konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır.

Sahibə Qafarova bir daha bəyan edib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və qarşı tərəfdən cavab gözləyir.