Brüssel görüşünün QARANLIQ TƏRƏFLƏRİ: Sülhə gedən yolda RUSİYA SUSACAQMI? – Ekspertlər AÇIQLADI
    • 7-04-2022, 14:29
    • 652

Brüssel görüşünün QARANLIQ TƏRƏFLƏRİ: Sülhə gedən yolda RUSİYA SUSACAQMI? – Ekspertlər AÇIQLADI

Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş 4 saatdan artıq davam edib. Bu görüşün nəticələri və detalları açıqlanmasa da Azərbaycan ictimaiyyətini maraqlandıran ən önəmli məsələlərdən biridir. 

News24.az olaraq qərara aldıq ki, görüşlə bağlı ekspertlərin fikirlərini öyrənək. 

Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, liderlərin ortaq bəyanatından çıxış edərək görüşdə bir neçə nəticənin əldə edildiyini söyləmək mümkündür.


Ekspert görüşlə bağlı öz ehtimallarını sadalayıb:

“Birincisi, tərəflər həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar. Bu sıraya Avropa İttifaqının minatəmizləmə, münaqişədə zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərinə ekspert və maliyyə dəstəyi aiddir. Ermənistan rəsmiləri hər yerdə Azərbaycan əleyhinə “erməni əsirlərin qaytarılması” mövzusunu qaldırırlar. Bunun qarşılığında Azərbaycan rəsmiləri Birinci Qarabağ savaşında minlərlə azərbaycanlı əsirin taleyi mövzusunu gündəmə gətirirlər. Ermənistan bu mövzunun üstündən sükutla keçməyə çalışır.

İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə aprelin sonuna qədər birgə komissiyanın yaradılması və iclasının keçirilməsi nəzərdə tutulub. Birgə sərhəd komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.

Üçüncüsü, bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanmasının tapşırılması qərara alınıb.

Dördüncüsü, liderlər Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər.

Liderlərin ortaq bəyanatında Minsk qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur. Bu, Azərbaycanın xeyrinədir. Azərbaycan Minsk qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və müharibədən sonra Qarabağ məsələsiylə beynəlxalq təşkilatların məşğul olmasını istəmir, bu, daxili məsələdir. Danışıqların Minsk qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır. Azərbaycanın Avropa İttifaqı və bu birliyə daxil olan ölkələrlə sıx əməkdaşlığı var, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Avropanın Azərbaycan neft-qazına ehtiyacı artıb. Brüsselin vasitəçiliyə marağını nəzərə alaraq rəsmi Bakının Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişini imzalanması prosesini sürətləndirməsinə ehtiyac var”.

Elxan Şahinoğlu hesab edir ki, Brüsseldə vurğulanan bəndlər Azərbaycanın xeyrinədir:

“Ancaq bu o demək deyil ki, ortaq bəyanatda göstərilən bəndlər qısa müddətdə yerinə yetiriləcək. Sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara başlanılması zərurəti İkinci Qarabağ müharibəsindən sonra bir neçə bəyanatda əks olunub. Buna baxmayaraq, Ermənistan qəbul etdiyi bəyanatlara zidd olaraq prosesi uzadır və buna görə təzyiqlə üzləşmir. Dəhliz məsələsində də irəliləyiş yoxdur.

Liderlər birinci dəfə Brüsseldə 2021-ci ilin dekabrın 14-də görüşmüşdülər. O zaman qəbul olunan ortaq bəyanatda dəmir yolunun fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunmuşdu. Üstündən üç aydan çox vaxt keçib və İrəvan heç bir addım atmayıb. Ermənistan prosesi uzatdığına görə Azərbaycan İran üzərindən dəmir yolunun çəkilməsiylə bağlı Tehranla memorandum imzaladı.

Avropa İttifaqının vasitəçilik təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır. Brüsseldə liderlərin birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman Kreml Avropa İttifaqının vasitəçiliyinə bir qədər səbirli yanaşa bilərdi. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan və Avropa İttifaqı Moskvaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacaq. Təsadüfi deyil ki, Nikol Paşinyan Brüsseldə olarkən İrəvanda onun əleyhinə mitinq keçirilirdi. Digər tərəfdən Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı Moskvaya çağırıb, o, aprelin 8-də Rusiyanın paytaxtına gedəcək. Yəqin Mirzoyandan Brüssel görüşünün detallı hesabatını tələb edəcək”.


Politoloq Şahin Cəfərli vurğulayıb ki, görüşün yekunları əsasında Şarl Mişelin verdiyi bəyanata nəzər yetirsək, orada ciddi məqamlar var: “Mühüm nəticə ondan ibarətdir ki, liderlər xarici işlər nazirlərinə sülh sazişinin hazırlanması ilə bağlı tapşırıq veriblər. Bu, çox önəmli nüansdır. Digər önəmli məqam aprelin sonuna qədər sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılmasıdır. Hazırda Azərbaycan və Ermənistan arasında əsas problem bu iki istiqamətdən ibarətdir. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra daim sülh sazişi ideyası ilə çıxıb edib, təklif irəli sürüb. Həmçinin Azərbaycan sərhəd mübahisələrinin həll edilməsi ilə bağlı məsələ qaldırıb. Bu razılaşmalar ölkəmizin maraqlarına tamamilə uyğundur. Bu məsələlərin reallaşdırılması da vacib məqamlardan biridir. Rusiya faktorunu nəzərdə saxlamalıyıq. Qərbin liderliyi ilə prosesin davam edəcəyi təqdirdə Rusiyanın prosesə münasibəti maraqlıdır. Razılaşmanın şərtlərinə nəzər yetirsək, Rusiyanın birbaşa maraqlarına zidd olan nəsə yoxdur. Əksinə, Şarl Mişel özü də Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edib. Ancaq proseslər Rusiyanın əleyhinə cərəyan etdiyi anda müdaxilə edə bilər. Rusiyanın destruktiv müdaxilə ehtimalı hələ qalır. Rusiya Qərbin təşəbbüsü ələ aldığını gördüyü təqdirdə razılaşmaları poza bilər. Yəni qəti şəkildə deyə bilmərik ki, sülh prosesi başladı və qısa müddətdə yekunlaşacaq. Sülh müqaviləsinin hazırlanması qısamüddətli proses olmayacaq”. 

O, əlavə edib ki, Paşinyan hökuməti sülhdə maraqlıdır: “Paşinyanın hökumətinin Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasında maraqlı olduğuna şübhə etmirəm. Ancaq Ermənistanın daxilindəki siyasi proseslərin də məsələyə təsiri ola bilər. Ermənistanda 2 gün öncə keçirilən mitinqdə müxalifət Paşinyana xəbərdarlıq etdi. Rusiya Brüssel görüşünün nəticələrinə təsir göstərmək istəsə, Ermənistanın daxili siyasətindəki özünə yaxın revanşist qüvvələrdən istifadə edərək, vəziyyəti gərginləşdirə bilər”.

“Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycan strateji diplomatiyasının növbəti uğuru, eyni zamanda postmüharibə reallıqlarının dünyaya qəbul etdirilməsi hadisəsidir”.

Bunu isə millət vəkili Hikmət Babaoğlu deyib.

H. Babaoğlu qeyd edib ki, beynəlxalq münasibətlər sistemi həddindən artıq mühafizəkar və eqoistdir: “Yaradılan yeni reallıq hər nə qədər beynəlxalq hüquqa uyğun olsa belə, onu qəbul etdirmək çox çətin olur. Bu isə beynəlxalq münasibətlər sistemini təyin edən güc mərkəzlərinin paralel nizam yanaşması ilə əlaqədardır. Bu paralel nizama əksər hallarda ikili standartlar siyasəti də deyirik. Yəni əsas aktorların maraqlarına uyğun olan problemlər beynəlxalq hüquqa uyğun olmasa belə, o problemlərin mövcud olmasına və hətta davam etməsinə qlobal güc mərkəzləri dəstək olurlar. Qarabağla bağlı vəziyyət də belə idi. Ancaq Azərbaycan bu məsələni həll etməklə dünyanın güc mərkəzlərini fakt qarşısında qoydu və bu reallığı qəbul etməkdən başqa çarələri qalmadı”.


Parlamentin komitə sədrinin müavini qeyd edib ki, Brüsseldə keçirilən görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatında əksini tapan məsələlər də postmüharibə mərhələsi üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə söykənir: “Bu baza prinsiplər beynəlxalq hüquqa və Azərbaycanın maraqlarına tamamilə uyğundur. Hələ 2021-ci ilin dekabrın 14-də keçirilən üçtərəfli görüşdə əslində məhz bu prinsiplər əsasında mümkün gündəm müəyyənləşdirilmişdi. Yəni artıq postmüharibə mərhələsində qalıcı sülh üçün yeni danışıqlar platforması kimi qəbul edə biləcəyimiz Brüssel-Bakı-İrəvan xəttinin əsasları həmin vaxt qoyulmuşdu. Hazırda isə bu əsaslarda sülh danışıqlarını irəli götürmək üçün mexanizmlərin yaradılması baş verir. Görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın və iki ölkənin Xarici İşlər nazirliklərinə bununla bağlı təlimat verilir. Bu, nəticə əldə etmək üçün olduqca çevik və səmərəli formadır. Eyni zamanda Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasından söhbət gedir. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. İkincisi, aprel ayının sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı uyğun komissiya yaradılması, eyni zamanda hazırda sərhədlərdə mövcud olan reallığın toxunulmazlığı məsələsidir. Bu isə o deməkdir ki, erməni tərəfi Qaragöl və Kəlbəcər istiqamətində əvvəlki iddialarından geri çəkiliblər, ya da onu qəbul etdirə bilməyiblər. Başqa mühüm bir məsələ isə bəyanatda və danışıqlarda ATƏT və onun Minsk Qrupunun ümumiyyətlə, xatırlanmaması, onun əvəzinə hər iki tərəfin etimad etdiyi Avropa İttifaqının danışıqları himayə etməsi gerçəkliyidir. Başqa sözlə, sənəddə Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan Minsk Qrupunun həmsədrlik institutuna istinad yoxdur. Hər hansı status əsla xatırladılmır, tam əksinə, regionda yaşayan bütün insanların rifahı naminə sülhə ehtiyac olduğu vurğulanır. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır”.

H. Babaoğlu nəzərə çatdırıb ki, Avropa İttifaqı qərəzsiz tərəfdir, hər iki tərəfin Avropa İttifaqına etimadı var: “Görüşdən sonra Şarl Mişelin bəyanatında kommunikasiyaların, o cümlədən avtomobil nəqliyyatı kommunikasiyasının açılmasının zəruriliyi qeyd edilir. Yəni bəyanatda alqışlanılan dəmir yolu xətti ilə bərabər avtomobil yolunun açılması zərurəti də öz əksini tapır. Eyni zamanda vurğulanır ki, Avropa İttifaqı öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə, qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır. Bununla bərabər, bəyanatda minaların təmizlənməsi, itkin düşən insanların taleyinə aydınlıq gətirilməsi kimi humanitar paketə daxil olan məsələləri də nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan Brüsseldə istədiyini əldə etdi. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə şəxsi zəmində olan qarşılıqlı etimada söykənən münasibətləri və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq münasibətləri kontekstində baş tutdu”.

Deputat vurğulayıb ki, son proseslər ümumilikdə Avropa İttifaqının Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi qəbul etdiyini göstərdi: “Məsələn, Fərrux ətrafında proseslərə də toxunulmaması göstərir ki, Avropa İttifaqı artıq qoşunlarının dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşır”. 

Siyasət şöbəsi