Son günlər metroda baş verən nasazlıqların SƏBƏBİ NƏDİR? - AÇIQLAMA
    • 18-04-2022, 12:29
    • 413

Son günlər metroda baş verən nasazlıqların SƏBƏBİ NƏDİR? - AÇIQLAMA

Son günlər Bakı metrosunda tez-tez nasazlığın yaranması vətəndaşları narahat edən məsələlərdən biridir. 

Problemlərin nədən qaynaqlandığını, qatarların hansı hallarda texniki baxışdan keçdiyini və mövcud qatarların vəziyyətini soruşmaq üçün “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

O, News24.az-a açıqlamasında bildirib ki, texniki nasazlıqların hər biri əsaslı səbəblərdən baş verib: “Bəzən qatar nasazlıq ehtimalı ilə baxışa gedir. Belə olan halda ehtiyat qatar onu əvəz edir. Təlimat tələblərinə görə, maşinist 5 dəqiqə ərzində qatardakı problemi həll edib, xəttə qayıda bilər. Problem həllini tapdığı təqdirdə ehtiyat qatar da öz yerinə qayıdır. Bəzən qapıda nasazlıq ola bilər. Bu hal baş verdikdə sərnişinlər düşürülməli, qatar texniki baxışa getməlidir. Bu cür hallarda da həmçinin ehtiyat qatar texniki baxışa gedən qatarı əvəz edir. Qapı arasında hər hansı bir əşya qaldıqda isə problem həll edilir və qatar maşrutuna davam edir. Bakı metrosunda qatarların təmir vaxtı çatıbsa, qətiyyən maşrutuna davam etmir. Birbaşa texniki baxışa gedir. Çünki bu məsələnin məsuliyyəti var”. 

Metronun sözçüsü qeyd edib ki, “Bakı Metropoliteni”ndə ümumi 63 qatar (315 vaqon) mövcuddur: “Bunlardan19-u müasir qatarlardır. Bu qatarların təlimat tələbinə uyğun olaraq texniki baxışa ehtiyacı yoxdursa, hər biri xəttə buraxılır və depoya 12-20 saat arası fəaliyyət göstərdikdən sonra gedirlər. Gün ərzində qatarlar 40-46 maşrut üzrə hərəkət edir. Yəni gün ərzində 40-46 qatar xəttə olur”. 

B.Məmmədov qeyd edib ki, 2019-cu ildə Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə bağlanmış müqaviləyə əsasən, bu il 4 qatar (20 vaqon) alınmalıdır: “Hazırda həmin qatarların istehsalı, Bakıya gətirilməsi ilə bağlı araşdırma və dəqiqləşdirmə işləri aparılır. Qatarlar Rusiya-Ukrayna arasındakı mövcud vəziyyətlə bağlı ən uyğun vəziyyətdə gətiriləcək. Hələ ki, tarix bilinmir”.