“Smart Qarabağ” Hakatonunun qalib komandaları bəlli oldu -FOTO

“Smart Qarabağ” Hakatonunun qalib komandaları bəlli oldu -FOTO
SOSİAL

28-05-2022, 19:34

Mətn ölçüsü

“Smart Qarabağ” Hakatonunun qalib komandaları bəlli olub

News24.az xəbər verir ki, 50 saat davam edən hakaton çərçivəsində 30 komanda Qarabağın normal regiona transformasiyası istiqamətində “Ağıllı həllər” hazırlayıb.
 
Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Smart Qarabağ” Hakatonunun qalib komandaları müəyyən edilib.
 
Azərbaycandan 20 və Türkiyədən 10 komanda işğaldan azad edilmiş Qarabağın bərpası istiqamətində təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrində “Ağıllı həllər” hazırlayaraq münsiflər heyətinə təqdim edib.
 
Münsiflər heyəti mövzunun aktuallığı, konsepsiya və plan, həmçinin komandanın səriştəlilik potensialı, təqdimat bacarığı, istifadə olunan yeni texnologiyalar və təklif edilən texniki həllər, o cümlədən layihənin iqtisadi səmərəliliyi və reallaşma potensialını əsas götürərək qalib komandaları müəyyən edib.
 
Azərbaycanın “Safe Karabakh” komandası – “Safe Karabakh” mobil tətbiqi I yerin, Türkiyənin “Sytematör” komandası – SİNA dronu (Əkinçilik sahəsində zərərvericilərə qarşı istifadə olunan və ərazini dərmanlayan dron) II yerin, Türkiyənin A komandası – “Dayanıqlı ekoloji ağıllı şəhər modeli” III yerin qalibi olub.
 
Qeyd edək ki, “Smart Qarabağ” Hakatonu üzrə mükafat fondu 1-ci yer üzrə 10 min ABŞ dolları, 2-ci yer üzrə 5 min ABŞ dolları və 3-cü yer üzrə isə 3 min ABŞ dolları təşkil edir.
 
Bununla yanaşı, tapşırığı daha yaxşı həll etməyə çalışan 8 komandaya “Ən yaxşı layihə təqdimatı” nominasiyasında diplom və suvenir şəklində mükafat təqdim olunub. Bu nominasiyada təhsil sahəsi üzrə “Red Right Hand”, kənd təsərrüfatı sahəsi üzrə “Empticus”, nəqliyyat sahəsi üzrə “Landcopter”, ev təsərrüfatı sahəsi üzrə “Read Teammers”, enerji sərfiyyatı sahəsi üzrə “ANKA”, su sərfiyyatı üzrə “Buta Grup”, ətraf mühit sahəsi üzrə “İTU Bees R&D Team” və təhlükəsizlik sahəsi üzrə “Ejder” komandası mükafatlandırılıb. Diplom nüfuz əlamətini ehtiva edir və pul ekvivalenti yoxdur.