Prokurorluq protest verdi – Qiorqinin cəzası kəskin artırıldı
    • 7-06-2022, 17:06
    • 379

Prokurorluq protest verdi – Qiorqinin cəzası kəskin artırıldı

2020-ci ildə Qaxda bıçaqlanma hadisəsi törətmiş və bu əmələ görə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş rayonun Qaxingiloy kənd sakini, 1994-cü il təvəllüdlü Qiorqi Bukvadzenin cəzası ağırlaşdırılıb.

News24.az
-ın məlumatına görə, Qiorqi Bukvadzenin törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsi prokurorluğun etirazına səbəb olub və hökmdən apellyasiya instansiyasına protest verilib. Protestə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Burada bildirilib ki, Qiorqi daha əvvəl xuliqanlıq əməlinə görə şərti cəza alıb və məhkumluğu ədnilmədən bıçaqlanma hadisəsi törədib.

Həmçinin, onun törətdiyi cinayətin xarakteri nəzərə alınmaqla Qiorqi Cinayət Məcəlləsinin 126.2.4-cü, yəni qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə maddəsi ilə təqsirləndirilərək məhkum edilməlidir.

Apellyasiya məhkəməsi protesti qəbul edib. Və Q.Bukvadze barəsində çıxarılmış hökm ləğv edilib. O, daha ağır maddə olan 126.2.4-cü maddə ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə qız üstündə baş verib. 2020-ci ilin oktyabrında Qiorqi Alagöz adlı qızla tanış olmaq məqsədilə ona zəng edib. Lakin qız nişanlı olduğundan onun nişanlısı və dostları bu işə qarışıb. Bundan sonra Qiorqi ilə həmin şəxslər arasında münaqişə yaranıb. Qiorqi zəng etdiyi qızın nişanlısının dostunu maşınla kəndin kənarına apararaq orada bıçaqlayıb.