Bir nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər? - Osman Gündüz yazır
    • 30-08-2022, 13:34
    • 526

Bir nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər? - Osman Gündüz yazır

Kənardan  müşahidə edəndə Elm və Təhsil Nazirliyi nəhəng imtahan mərkəzi, kütləvi imtahanlar nazirliyi təəssüratını yaradır. 

Bir nazirlik nə qədər imtahan keçirər? 


Direktorların işə qəbulu, bağçalara işə qəbul, müəllimlərin işə qəbulu, müəllimlərin setifikasiya imtahanı və s. bu tip kütləvi imtahanları keçirmək böyük resurslar tələb edir.

ETN də özünün xeyli resurslarını, məktəblərin və ali təhsil müəssisələrinin resurslarını, Nazirliyin və təhsil müəssisələrinin canlı qüvvəsini, könüllüləri, texniki-texnoloji resursları bu imahanların keçirilməsinə cəlb edir.

Dövlətin kütləvi imtahanların təşkili məqsədilə yaratdığı qurum - Dövlət İmtahan Mərkəzi isə bütün bu prosesləri sadəcə kənardan müşahidə edir.
Bu qədər ağır bir proses, nəhəg resursların cəlbi ilə kütləvi imtahanların təşkli  ETN-i öz qarşısına qoyduğu  vəzifələrdən uzaqlaşdırmırmı?
Burada söhbət ETN tərəfindən təşkil olunan imtahanların keyfiyyətindən, qiymətləndirmənin mahiyyətindən getmir.

ETN bu məsələləri son illərdə xeyli təkmilləşdirə bilib, yəni, keyfiyyət və texniki-texnoloji baxımdan bildiyim qədər bu tip kütləvi proseslər əvvəlki illərə nisbətən daha təkmil qaydada keçirilir.

Amma görəsən bütün bunlar məntiqlidirmi, ölkədə təhsil sahəsinə, təhsil siyasətinin müəyyən edilməsinə cavabdeh qurumun bu sahədə daha fundamental məsələlərə diqqət yetirməsi doğru olmazdımı?

Görünən odur ki, ETN qarşısına qoyulan vəzifələr getdikcə çoxalır. Son zamanlar qəbul edilən fərman və sərəncamlarda və digər normativ sənədlərdə, qəbul edilən   strategiyalarda ETN qarşısında çox ciddi hədəflər müəyyən edilib. Qlobal düşnyanın da müasir çağırışları təhsil sektorundan daha çevik və effektiv qərarlar tələb edir.

Bu baxımdan, fikrimcə, ETN bu qədər  nəhəng resursları təhsilin inkişafına və keyfiyyətinin qaldırılmasına, təhsilin modernləşdirilməsinə yönəltsə daha məqsədəuyğun və məntiqli olardı.

Düşünürəm ki , bununla da təhsilin inkişafı baxımından  daha böyük uğurlar və müsbət nəticələr əldə etmək olardı.
Ümid edirəm hökumət, ETN və DİM nəzərə alacaqlar.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz