Vətəndaşlar deyir, PARKDIR, icra nümayəndəsi deyir, YOL KƏNARIDIR – Qalmaqallı ərazi
    • 30-09-2022, 13:57
    • 390

Vətəndaşlar deyir, PARKDIR, icra nümayəndəsi deyir, YOL KƏNARIDIR – Qalmaqallı ərazi

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsinin sakinləri tərəfindən əvvəllər park olduğu iddia edilən ərazi ilə bağlı saytımıza şikayət daxil olub.

Qəsəbə sakinləri News24.az-a bildirib ki, Hacı Zeynalabdin qəsəbəsindəki ərazidə ağaclar kütləvi şəkildə məhv edilir.

Onlar qeyd edir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət olunub, ancaq şikayətlərə cavab verilmir. Vətəndaşların sözlərinə görə, bu ərazidə əvvəllər park, restoran, fəvvarə və futbol meydançası olub, ərazi isə yaşıllıqla əhatələnib.

Məsələ ilə bağlı sorğumuzu Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevə yönəltdik.

O, saytımıza açıqlamasında bildirib ki, ərazidə park olmayıb, sözügedən yer Bakı-Quba yolunun kənarıdır: “Aidiyyatı qurumlar tərəfindən məsələ nəzarətə götürülüb və əraziyə baxış keçirilib. Mövcud vəziyyətin aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulub. Bildiyiniz kimi burada yeni yol çəkilib və həmin zaman su xətti kəsilib. Qərara alınıb ki, həmin ərazidə su xətti bərpa olunsun və yeni yaşıllıq zolağı salınsın”.