"Şagirdlərin geyimi yetkin insanlarınkından FƏRQLƏNMƏLİDİR
    • 21-10-2022, 16:06
    • 319

"Şagirdlərin geyimi yetkin insanlarınkından FƏRQLƏNMƏLİDİR"-Təhsil ekspertindən qadağalara REAKSİYA

"Qaydaların, nizamnamələrin olmağı problemlərin sayını sıfıra endirmir. Sadəcə bu nizamnamələr təhsil işçiləri və məktəbi idarə edənlərə mənfi davranışda necə reaksiya göstərilməli olduqlarını öyrədir. Bu qaydalar beynəlxalq kurikulum sənədləri əsasında hazırlanıb və bənzər qaydalar müxtəlif ölkələrin təcrübələrində görülür. Yəni bu işin bir nəzəriyyəyə istinad etdiyini deyə bilərik. Bundan sonrakı mərhələdə isə bu qaydalar yaxşı kommunikasiya olunmalıdır".

Bunu News24.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib. O qeyd edib ki, əgər bu qərarlar şagird və valideynlərə yaxşı izah olunsa, məktəbdəki problemlərin sayı nisbətən azalar: 

"Qaydaları təhsilalanlara, müəllimlərə, valideynlərə yaxşı izah etmək lazımdır. Həmin qaydalar lövhələr şəklində koridorlara asılmalı, səbəbləri izah olunmalıdır. Bunu tətbiq edən insanlar, yəni müəllimlər və məktəb rəhbərliyi bu mənada dəqiq, qərarlı və tutarlı olmalıdır. Əgər bu olmasa, əlbəttə ki, bu qaydalar bir sənəd olaraq qalacaq və işə yaramayacaq".

Bu qaydalar olmalıdırmı? 

Ekspert bildirib ki, bu qaydaların məzmununda problem yoxdur:"Çünki hər bir müəssisə öz qaydalarını müəyyən etməlidir. Məsələn, hər bir qurumun özünəməxsus forması var. Özəl məktəblərin əksəriyyətində bu qayda tətbiq olunur. Dırnaq, saç rəngi, ətəyin boyu ilə bağlı qadağalar isə müxtəlif ölkələrdə var. Bu qərarların  normal olduğunu düşünürəm. Əgər valideynlər, uşaqlar öhdəliklərini bilsə, müəllimlər də bunu yaxşı tətbiq etsə, bu qaydalar problemlərin sayını azalda bilər. Ən azından artıq məktəb rəhbərliyinin əlində bir sənəd olacaq ki, valideynə və şagirdə desin ki, bax, sən bu qaydanı pozursan".

Q.Məhərrəmov vurğulayıb ki, məktəb təhsil müəssisəsi olduğu üçün orada müəyyən çərçivələrin olması yaxşıdır:" Məktəblərdə təhsilalanlar 18 yaşını keçməyən insanlardır. Məktəbin qayğı müəssisəsi olmaq, tərbiyə, valideynlik mövqeyi var. Ona görə də şagirdlərin geyimi yetkin insanların geyim-keçimindən və qərarlarından fərqlənməlidir. Universitetdə bu tip qadağaları qoya bilmərik, qoymamalıyıq. Ancaq düşünürəm ki, məktəblərdə bu kimi qadağaların olması normaldır".

Qumral Əliyeva