Bakıda mənzillərə istilik BU TARİXDƏN veriləcək
    • 14-11-2022, 10:22
    • 355

Bakıda mənzillərə istilik BU TARİXDƏN veriləcək

"Azəristiliktəchizat" ASC sabahdan Bakıda və bir sıra bölgələrdə yerləşən mənzillərə, təhsil, səhiyyə müəssisələrinə və digər sosial obyektlərə istilik verəcək.

News24.az xəbər verir ki, bu məqsədlə daha 538 qazanxana və 87 istilik məntəqəsi işə qoşulacaq.

Xatırladaq ki, ölkənin dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə noyabrın 1-dən başlanılıb. Bu məqsədlə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.

"Azəristiliktəchizat"ın xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixlərinə nəzərdə tutulur.

Qeyd edək ki, 2005-2019-cu illərdə Azərbaycanda 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-ə yaxın qazlaşma layihəsi icra edilib, 1 900-dən artıq yaşayış binasında, 400-dən artıq təhsil və səhiyyə müəssisələrində istilik sistemi bərpa edilib. Ümumilikdə, bu illər ərzində 2 700-dən artıq istilik təhcizatı layihəsi icra olunub. Bunun nəticəsindı bu gün Bakı və regionlarda 600-ə yaxın qazanxana istismar edilməklə 3 800 yaşayış binası, 291 məktəb, 150 uşaq baxçası, 159 səhiyyə müəssisəsi və 1 300-dən artıq digər sosial obyekt istiliklə təmin edilir.