"Uşaqların qazi rolunu canlandırması onlara tramvasız ötüşmür"-Psixoloq
    • 14-11-2022, 17:17
    • 202

"Uşaqların qazi rolunu canlandırması onlara tramvasız ötüşmür"-Psixoloq

"Müharibəni o qədər həyəcanla, neqativ hisslərlə yaşadıq ki, həmin hissləri istər-istəməz uşaqlarımıza da ötürmüş olduq. Çünki hər bir ailədə böyüyən uşaq o ailənin, ananın, atanın, nənə-babanın təsirini, duyğularını alır. Biz bu neqativ duyğuları istəmədən uşaqlarımıza ötürmüşük. Təhsil müəssisələrində də istər bağça, istərsə də məktəblər olsun belə tədbirlərin təşkil olunması, aqressiv şəkildə təbliği təbii ki, uşaqlara tramvasız ötüşmür. Bu tramvalar uşaqların həssaslığından asılı olaraq dəyişir. Bu cür təbliğatdan hərbiyə həvəslənən uşaqlar da olur, içinə atıb hərbiyə qarşı neqativ hisslər bəsləyənlər də".

Bunu News24.az-a açıqlamasında psixoloq Günay Məstiyeva deyib.

O bildirib ki, uşaqlarda tramva yaratmamaq üçün təbliğatımızı düzgün şəkildə aparmalıyıq: "Müharibənin təsirlərini uşaqlara ötürmədən vətənpərvərlik hisslərini onlara düzgün şəkildə təbliğ etməliyik. Onların yaşına uyğun, qəbul edə biləcəkləri şəkildə çatdırmalıyıq".

Psixoloq həmin tədbirdə qazi rolunda oynayan uşaqların alacağı tramvalardan da  danışıb: "Tramvalar individualdır, yəni hər uşağın öz yaşantılarından, ailə tipindən, öz xarakter xüsusiyyətlərindən asılı olaraq müxtəlif travmalar verə bilər. Amma əsasən uşaqlarda özgüvənsizlik, qorxu hissi yaradır. Azyaşlılarda dünyaya qarşı etibarsızlıq yaradır və uşaq daim özünü müdafiə etməli olduğunu fikirləşir. Belə uşaqlar sağlam addımlar atmaqdan da qorxurlar".

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə bağça uşaqlarının qazi rolunu canlandırması ilə bağlı videolar yayılmışdı.