"Biz narkotik aludəçisini gizlətməklə ona ən böyük pisliyi edirik"
    • 1-12-2022, 11:59
    • 297

"Biz narkotik aludəçisini gizlətməklə ona ən böyük pisliyi edirik"

“Narkotik bəladır. Narkotik məhv edir. Narkotik öldürür. Narkotik cinayətə sürükləyir. Ağır məhrumiyyətlər yaradır. Nəticədə zorakılıq baş verir. Çünki hadisələrin səbəb əlaqəsi yaranır”. 

News24.az-ın məlumatına görə, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə “Liatris Holdinq”-in rəhbəri Ruhi Əliyeva deyib.

O bildirib ki, insanın cəmiyyətdə qəbul edilməyən gizli həvəslərə düşməsi onda zərərli vərdişlər yaradır: “Qəbul edilən, mübaliğəsiz bir reallıq da var, insan vərdişlərinin övladıdır. Yaranan vərdişin nəticəsində insan narkotik aludəçisidirsə, talehin işi deyil, seçimdir. Şəraitin, mühitin də burda payı var. Axı, insan həyat üçün şəraitə və hallara tabe olmaya bilər, onda, təbii ki, nəticə də olmaz. Heç kim düşünməsin ki, mənim övladım bunu etməz.

Narkotik vasitələrlə əlaqəli cinayətkarlığa biz təkcə cəza ilə deyil, həmçinin insan orqanizminin fəaliyyətinə pis, mənfi halları yaradan mühiti iflic edən vasitələrlə çıxmalıyıq. Bizdən nə asılıdır – biz narkotik aludəçisini gizlətməklə ona ən böyük pisliyi edirik. Əgər narkomaniya xəstəlikdirsə, şəxsiyyət pozğunluğudursa, nə etməliyik? Bu sualların cavabı var. Cavablar əməli fəaliyyətimizlə üst-üstə düşürmü? İmkanlar tükənməyib, imkanlar var”.