Novxanıda adamı döyüb, maşınla sürüdülər
    • 18-01-2023, 12:49
    • 3 403

Novxanıda adamı döyüb, maşınla sürüdülər

Abşeron rayon sakini ona qarşı dələduzluq edən şəxsin tapılmamasından şikayətçidir.

News24.az xəbər verir ki, Novxanı kəndində xırda ticarətlə məşğul olan Elxan Rüstəmov Bakupost.az -a bildirib ki, ötən ilin oktyabrın 10-da, ona qarşı dələduzluq edən, xəsarət yetirən şəxsləri polis tapmır:

“Həmin gün “Ford” markalı maşınımla gedərkən qarşıda çox yavaş sürətlə hərəkət edən avtomobili ötüb getmək istədim, amma yol vermədilər, mən də sağ tərəfdən, yolun torpaq hissəsindən keçib getdim. Kənddə çatıb işimi həll edəndən sonra, oradan çıxar-çıxmaz “Oba” market yanında həmin avtomobil yolun hərəkət hissəsində dayanıb, qarşımı kəsdi və avtomobildən düşən 2 nəfər təhqiramiz ifadələr işlətməyə başladılar. Guya, mən onları sağdan keçməklə hörmətsizlik etmişəm. Maşının sürücüsü "Ford"a hücum edib, şüşəsini qırdı. Şüşənin bütün qırıqları gözümə doldu. Sonra maşına minib getmək istəyəndə, sürücünün sükanından tutub saxlamaq istədim, o isə avtomobili saxlamayıb, məni asfaltla sürüməyə başladı. Bütün bunlar həmin marketin kamera görüntülərində var. Sonradan xəstəxanaya getdim bir müddət xəsarətlərin sağalması üçün müalicə aldım”.

Şikayətçi qeyd edib ki, Abşeron rayon Saray şöbəsində onun izahatı alınıb:

“Hadisənin kimlər tərəfindən törədildiyi məlumdur. Biri elə Novxanıdan olan Arif adlı şəxsdir, digərinin isə başqa yerdən olduğu deyilir. Amma ən azından birinin kimliyi məlumdur. Buna baxmayaraq, həmin şəxslər məsuliyyətə cəlb olunmur. Dəfələrlə bölmə rəisinin yanında olmuşam, o da həmin şəxslərin dərhal tapılıb gətirilməsi ilə bağlı göstəriş verib. Lakın heç bir nətic yoxdur. Hər gün mənə acıq vermiş kimi yanımdan ötüb keçən cinayətkarı polis guya tapa bilmir. Dəfələrlə demişəm ki, gəlin gedək adamın yaşadığı yeri göstərim. Amma nə sirdisə polis bu məsləni həll etmir. Axırıncı dəfə müstəntiq Xəlil Əsgərov dedi ki, yol polisində də, polisə də axtarışa vermişik, amma hələ də tapılmır. Cinayət işi açılıb, axtarış davam etdirilir. Amma sondardan öyrəndik ki, iş prokurorluğa göndərilib, orada isə xitam verilib”.

Bundan sonra Elxan Rüstəmov Abşeron Rayon Prokurorluğunda olub. Onun şikayətindən sonra iş baxılması üçün yenidən Abşeron polisinə göndərilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Bakupost.az –a açıqlamasında məsələ diqqətdə saxlanılacaq.