"Vəziyyət daha da çətinləşəcək..." - Rəşad Həsənov qiymət artımından danışdı
    • 2-02-2023, 11:23
    • 275

"Vəziyyət daha da çətinləşəcək..." - Rəşad Həsənov qiymət artımından danışdı

"İndiki şərtlər daxilində sərnişindaşıma istiqamətində qiymətlərin artırılması arzuolunan deyildi. Çünki əhalinin alıcılığı aşağı düşür".

Bu fikirləri News24.az-a açıqlamasında metro və marşrut avtobuslarındakı qiymət artımı ilə bağlı danışan iqtisadçı Rəşad Həsənov deyib. 

O, daha sonra sözlərinə belə davam edib: "Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitələrindən istifadə edənlər qismən aşağı sosial gəlirli qruplardır. Bu şəxslərin xərclərinin əsasını gündəlik tələbat malları və ərzaq məhsulları təmin edir. Bu məhsul növləri də daha kəskin şəkildə bahalaşdı. Belə bir şəraitdə nəqliyyat xərclərinin də artması vəziyyəti daha da çətinləşdirəcək. Qeyd etdiyimiz qrupların bu qərardan bütövlükdə il ərzində 140 milyon manata yaxın xərcləri yaranacaq".

R. Həsənov qeyd edib ki, xidmət haqqının artırılması ilə bağlı zərurət yaranmışdı: "Buna nəsə deyə bilmərik. Benzinin qiyməti qalxdı. Hökumət bildirdi ki, bu məsələ ilə bağlı kompensasiya metodologiyası hazırlanacaq. Ancaq son 2 il ərzində heç bir qərar qəbul edilmədi. Belə bir şəraitdə yük özəl daşıyıcıların, şirkətlərin üzərində qaldı. Ehtiyat hissələri bahalaşdı və s. Bunları anlamaq olur. Amma digər tərəfdən az gəliri olan insanların bu təzyiqlərdən qorunması üçün diferensial və ya hansısa kompensasiya edici tarifləndirməni icra etmək olardı. Ancaq bunu etməmiş qərarı qəbul ediblər".