Dünyanın ən nüfuzlu ölkələrinin reytinqi – Azərbaycanın da yeri bilindi
    • 26-01-2019, 16:55
    • 1 104

Dünyanın ən nüfuzlu ölkələrinin reytinqi – Azərbaycanın da yeri bilindi

Dünyanın ən nüfuzlu ölkələri hansılardır? ABŞ-ın “US News” nəşri, “Wharton” və “BAV Group”un versiyasına görə, belə dövlətlər tez-tez xəbər başlıqlarında adı hallanan, siyasətdə müzakirə olunan, qlobal iqtisadi modellər yaradan ölkələrdir.


Bu ölkələrin xarici siyasəti və hərbi büdcəsini ekspertlər yaxından izləyir. Nüfuzlu ölkələr hər hansı vəd verəndə, onların bu vədi yerinə yetirəcəyinə inanmağa əsas olur.

Azərbaycanın da daxil olduğu dünyanın ən yaxşı 80 ölkəsi reytinqindən savayı “US News”, “Wharton” və “BAV Group” dünyanın ən nüfuzlu ölkələrinin siyahısını hazırlayıb.

Azərbaycan ötən ildə olduğu kimi siyahıda yer alır və 45-ci yerdə göstərilib. Azərbaycanın və aparıcı dövlətlərin reytinqdəki mövqeyi bir il ərzində dəyişib.

Ölkələrin nüfuz göstəricisi bir neçə parametr əsasında qiymətləndirilib: ölkənin lideri, iqtisadi imkanları, siyasi imkanları, beynəlxalq alyanslar, ordu.

Birləşmiş Ştatlar dünyanın ən nüfuzlu ölkəsi kimi göstərilib. Belə ki, ABŞ ən böyük iqtisadi və hərbi büdcəyə malikdir.

İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çin gəlir. Reytinqdə müvafiq ardıcıllıqla Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı yer alıb. İlk onluğu Cənubi Koreya tamamlayır.

Azərbaycanın qonşularına gəlincə İran 13-cü yerdə, Türkiyə 16-cı yerdə qərarlaşıb. Post-sovet məkanından, Belarus – 35-ci , Ukrayna 39-cu, Qazaxıstan 43-cü, Estoniya 80-ci, Latviya 79-cu yerdə göstərilib.

Qeyd edək ki, Ermənistan artıq 4 ildir ki, heç bir göstəricisinə görə, bu reytinqə düşə bilmir.

//MediaAz