Su çərşənbəsi: adət və ənənələr
    • 21-02-2023, 11:45
    • 1 315

Su çərşənbəsi: adət və ənənələr

Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur. Boz ayın ilk çərşənbəsi olan bu çərşənbəyə "əzəl çərşənbə", "gül çərşənbə","gözəl çərşənbə", "sular novruzu" da deyirlər. Bu çərşənbə suya tapınma ilə balıdır. Suyu müqəddəs sayan insanlar su ilə bağlı bir sıra adətlər yerinə gətiriblər.

Folklorşünas Sevinc Əliyeva bu adətlər barədə News24.az-a danışıb.

"Su sağlamlığın rəhmidir. Əzəl çərşənbədə suyun üzərindən keçənlər, azarını-bezarını suya verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Həmin gün suyun üstündə bir sıra ayinlər icra olunur. Səsi batanlara, danışa bilməyənlərə bu sudan içirərdilər. Hamı sübh tezdən su başına gedir. Əl- üzünü suda yuyur, bir-birinə su çiləyirlər, suyun üzərindən atlanır, yaralıların yarasına su səpirlər. Əzəl çərşənbənin ilk köpüklənən suyu min bir dərdin dərmanıdır. Bu çərşənbədə bulaq başından gətirilən su quyulara, evlərə səpirlər ki, illəri xoş, bərəkətli, ruzili olsun. Suyun ütündən atlandıqdan sonra sudan uzaq məsafədə bir saxsı qab sındırırlar. Azarın-bezarın bu saxsı qabın sınması ilə getdiyinə inanırdılar." 

Çərşənbə süfrəsinə mütləq bir qab su qoyulmalıdır. Bu sudan bütün ailə üzvləri içməlidir. Su çərşənbəsinin əsas yeməyi paxlalı yeməklərdir. 

Folklorşünas çərşənbənin unudulan adətləri barədə də danışıb: "Əvvəllər evlərin damına buğda səpərdilər ki, illəri bərəkətli olsun. Un çuvalının ağzını açıq qoyardılar ki, bərəkət paylananda onlara da pay düşsün. İndi isə bu adətlər unudulub. Çərşənbənin maraqlı əyləncələrindən biri də fala baxmaqdı. Subay qızlar su dolu stəkan götürürlər. Və ona saç teli bağlanmış nişan üzyünü salırlar. Üzük stəkanın kənarına neçə dəfə dəyirsə, xanım o yaşda ərə gedəcək. Sübh tezdən su üstünə gedilir. bu lal su adlanır. suyu gətirən adam danışmamalıdır. evə gələnə qədər danışmamalıdır. Bu su axşam piyalələrə tökülür. İki iynənin ulduzlu hissəsinə pambıq bağlanır. və suya atılır. Əgər iynələr eyni istiqamətdə dursa, qızlar sevdikləri oğlana qovuşacaqlar. ayrı-ayrı istiqamətə getsə qovuşmayacaqlar.


Folklorşünas alim Məhəmməd Məmmədov isə News24.az-a açıqlamasında bildirib ki, Su çərşənbəsinin axşamından etibarən suların buzu əriyir, sular getdikcə isinir:

"Bu çərşənbədə analar uşaqlarının başından bir tük qoparıb suya atar, bir qab sudan uşaqların üzərinə çilər, bunula inanardılar ki, bu onlara sağlamlıq və təmizlik aşılanır. Qucaqlarında körpə uşaq tutan digər analar və ərgən qızlar isə saçlarından beş tel qopararaq "atul- ütül çərşənbə, bəxtim sükül çərşənbə" və s. ifadələrlə suyun üzərindən 3 və ya 7 dəfə atlanmaqla dərd-bəlalarından, ağırlıqlardan xilas olacaqlarına inanırdılar. Axar su olmayan yerdə isə bir kuzəni su ilə doldurub içinə qəpik-quruş salar  dan yeri ağaran zaman qada bala qayıtmasın deyə onu evin damnından atar və dalınca baxmazdılar. Gənc qızlar ətəklərində gizlətdikləri daşları suya tökməklə dər bəladan qurtulardıılar. Ailə həyatı qurmaq istəyən qızların və il boyu azarbezara tutulmuş uşaqların ayaqlarının baş barmaqlarını 3 dəfə ağ ipliklə sarıyıb axar su üzərindən 7 dəfə keçirdikdən sonra qayçı və ya bıçaqla onu kəsərdilər. Bununla inanırdılar ki, onların bəxtləri açılır. Övladı olmayan qadınlar axar suya daş atar  uşaqsızlığın daşını atdım deyərdilər".


Qumral ƏLİYEVA