Qurban Qurbanov: “Onların yaxşı formada olması, oyunumuzu asanlaşdıra bilərdi”
    • 24-02-2023, 12:23
    • 126

Qurban Qurbanov: “Onların yaxşı formada olması, oyunumuzu asanlaşdıra bilərdi”

“Futbolçular meydanda qalib gəlmək üçün hər şeyi etdilər. Sadəcə penaltilər seriyasında uduzduq. Futbolçularımdan razı qaldım”.

News24.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə Belçikadakı səfər oyunundan qayıdarkən 
Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılama mərasimində jurnalistlərə açıqlama verib. Qurbanov məğlubiyyətin səbəbini açıqlayıb: “Dəfələrlə deyirəm ki, belə oyunlar, belə nəticələr klubun gələcəyi üçün ancaq faydalıdır. Futbol bir daha göstərdi ki, belə böyük turnirlərdə 90 dəqiqə yox, 120 dəqiqə hazır olmaq lazımdır. Neçə illərdir ki, Avropa təcrübəmiz xeyli yaxşılaşıb. Əvvəllər bir hissə oynayırdıqsa, 60-70 dəqiqəyə gücümüz çatırdısa, bu gün artıq 120 dəqiqə mübarizə aparırıq. Ən əsası çəkinmədən, müdafiə olunmadan oynadıq. Oyunun gedişatında, bəzi dəqiqələrdə rəqib bizi üstələyirdi. Amma ümumən gələcəkdəki avrokuboklar oyunları üçün "Gent" matçının faydası olacaq. Sadəcə futbolçular çox üzgündür. Oyundan sonra paltardəyişmə otağında özlərinə gələ bilmədilər. Hamı istəyirdi ki, xalqımızı, azarkeşlərimizi sevindirək. Əfsuslar olsun ki, alınmadı. Amma maraqlı oyun oldu.

- Bəzi itkilərin olması uğursuzluğa təsir etdi? Marko Yankoviç, Kevin Medina yox idi...
- Əvvəl də demişdim ki, bu oyuna tam hazır deyildik. Həm heyət, həm də futbolçuların hazırlığı baxımından. Demişdim ki, biz bu müddətdə ayaqüstə durmalıyıq. Düzdür, bəzi futbolçularımız yavaş-yavaş öz formasını bərpa edirdi, amma belə böyük yükləmələrə, oyunlara tam hazır deyildilər. Ona görə kimi 45 dəqiqə, kimi daha çox oynadıq. Komandada disbalans var idi. Amma hər şey yaxşılığa doğru gedirdi. Dünən də pis deyildi, hər şey düşündüyümüz kimi gedirdi. İtkilərimizin sayı çox idi. Belə böyük oyunlarda futbolçuların hamısının sağlam olmaması sonda nəticəyə təsir edir. Filip Ozobiç özü də 3-4 aydır ki, futbol oynamırdı. Qara Qarayevin iki gün idi hərarəti var idi. Sağ olsun ki, xəstə halı ilə oyuna çıxmağa hazır oldu. Əvvəl biz onu heç "23 lüy"ə daxil etməmişdik. Oturub fikirləşdik, özü ilə danışdıq və oyuna buraxdıq. Oyunçularımızın sayı çoxdur. Böyük turnirlərdə futbolçuların sağlam olması böyük əhəmiyyət kəsb edir.

- Yeni transferlərin komandaya uyğunlaşmamasını məğlubiyyətin səbəblərindən biri kimi göstərə bilərik?
- Kiçik səbəblərdən biridir. Uyğunlaşmaqda problem olmur. Sadəcə hazırlıqda özünü göstərir. Biri 7-8 ay futboldan uzaq olub, digəri də həmçinin. Tam hazır deyildilər. Ancaq onların yaxşı formada olması, oyunumuzu daha da asanlaşdıra bilərdi.
Qeyd edək ki, Bakıda 1:0 hesablı qələbə qazanan “Qarabağ” eyni nəticə ilə uduzduğu görüşün penaltilər seriyasında da yenilib – 3:5.//apasport.az