Türkiyəyə istirahətə gedənlərin nəzərinə! – Otellərdə ciddi dəyişiklik edilir

Türkiyəyə istirahətə gedənlərin nəzərinə! – Otellərdə ciddi dəyişiklik edilir Dünya

Türkiyədə otel və restoranlarda “İsveç masası” sisteminin “a-la-kart” formatı ilə əvəzlənməsi müzakirə edilir.

News24.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti yazı dərc edib. 

Məlumata görə, dəyişikliyin səbəbi artıq ərzaq tullantılarına qarşı mübarizə aparmaqdır. 

Bildirilib ki, Türkiyə prezidenti administrasiyası yanında Kənd Təsərrüfatı və Qida Siyasəti Şurası bu məsələ ilə bağlı müvafiq hesabat hazırlayır və sənəd prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.

Prezident şurasının üzvü və Türkiyə Restoran Sahibləri Assosiasiyasının rəhbəri Ramazan Bingəlin sözlərinə görə, sənəd yaxın iki ay ərzində prezidentə göndərilə bilər.

“Məlumdur ki, otellərdəki ‘hər şey daxil’ (all inclusive) sistemi “a-la-kart” formatı ilə əvəz oluna bilər. Bu formatda insan yalnız yeyə biləcəyi qədər yemək sifariş edir,” – deyə məlumatda bildirilib.

Qəzet həmçinin Türkiyədə İsrafçılığın Qarşısının Alınması Fondundan əldə edilən rəqəmlərə də yer verib. 

Məlumata görə, hər il ölkədə təxminən 23 milyon ton ərzaq tullantıya çevrilir. Bunun 35 faizi isə ümumiyyətlə yemək hazırlanmasında istifadə olunmur. 

Ən çox israf edilən məhsullar meyvə, tərəvəz və çörəkdir.

Teymur Məmmədov