Azərbaycanın xarici turizm nümayəndəlikləri ilə görüş keçiriləcək
    • 3-04-2019, 11:07
    • 768

Azərbaycanın xarici turizm nümayəndəlikləri ilə görüş keçiriləcək

Aprelin 5-də Bakı Konqress Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçiriləcək.

News24.az xəbər verir ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi yerli turizm sənayesinin iştirakçılarını nümayəndəlik ofislərinin fəaliyyəti ilə tanış etmək, qarşılıqlı əməkdaşlıq imkanları haqqında məlumat verməkdir.

Səyahət agentlikləri, tur operator və hotellərin nümayəndələrinin iştirak edəcəyi tədbirdə nümayəndəliklərin yerləşdikləri ölkələr üzrə fəaliyyətləri və strategiyaları haqqında təqdimat keçiriləcək. Tədbirin ikinci hissəsi isə ikitərəfli görüşlər formatında müzakirələr çərçivəsində davam etdiriləcək.

Xatırladaq ki, 2018-ci ilin dekabrından Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

Tədbir çərçivəsində Bakıya səyahət edənlər üçün rəsmi şəhər kartı olan “Bakı Kart”ın (“BakuCard”) da təqdimatı keçiriləcək.